Sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında 2026-cı ildə ali məktəblərə qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış məzunlarla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, rayon təşkilatının məsul əməkdaşları, rayon təhsil sektorunun nümayəndələri, təhsil müəssisələrinin direktorları və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov məzunları qazandıqları yüksək nəticələr münasibətilə təbrik edib, onların gələcək təhsil həyatında uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı, gənclərin hərtərəfli inkişafı və onların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticələrini verir.
Əlişah Rəcəbov qeyd edib ki, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin uğuru yalnız onların şəxsi zəhmətinin deyil, eyni zamanda müəllimlərin, valideynlərin və təhsil ictimaiyyətinin birgə əməyinin nəticəsidir. O, məzunlara gələcək fəaliyyətlərində dövlətimizə və cəmiyyətimizə layiqli xidmət göstərməyi, qazandıqları bilik və təcrübədən ölkəmizin inkişafı naminə istifadə etməyi tövsiyə edib.
Görüşdə 2025-2026-cı tədris ilinin yekunları, Ağdaş rayonunda təhsil sahəsində əldə olunan nəticələr və əsas statistik göstəricilər barədə məlumat verilib.
Yüksək nəticə göstərən məzunlar çıxışlarında qazandıqları uğurlardan, gələcək təhsil və karyera hədəflərindən bəhs edib, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda ali məktəblərə qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış məzunlara hədiyyələr təqdim olunub, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Binəqədi şosesində Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir VİDEO