06 sentyabr 2026 19:38
141

Şuşa döyüşlərinin iştirakçısı: Biz o qayalara tariximizi qanımızla yazmışıq

Biz Şuşada tarix yazmışıq. Bu tarixi qanımızla, canımızla, şəhidlərimizin həyatı, qazilərimizin sağlamlığı bahasına yazmışıq. Şuşanın azadlığı bizim üçün sadəcə hərbi qələbə deyil, xalqımızın yaddaşına əbədi həkk olunmuş böyük bir tarixdir. Ona görə də bu müqəddəs torpaqlara ayaq basan hər bir insan onun qiymətini, daşıdığı mənanı və məsuliyyəti dərindən dərk etməlidir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşa döyüşlərində iştirak etmiş Məhəmməd Əhmədov deyib. O qeyd edib ki, son günlər sosial şəbəkələrdə azad edilmiş ərazilərdə qayaların, daşların və tarixi məkanların üzərinə müxtəlif yazıların yazılması ilə bağlı görüntülər Şuşa döyüşlərinin iştirakçısı kimi onu ciddi narahat edir: “Bu, sadəcə xoşagəlməz görüntü deyil, daha dərin məna daşıyan məsələdir. Çünki həmin torpaqlara gedən hər kəs bilməlidir ki, ayaq basdığı yer adi məkan deyil. Orada şəhidlərimizin qanı, qazilərimizin yarası, əsgərlərimizin keçdiyi ağır döyüş yolu var. Bu səbəbdən müqəddəs bildiyimiz torpaqları öz əlimizlə korlamaq heç bir halda qəbul edilə bilməz. Kiminsə qayaya adını yazması tarixdə iz qoymaq demək deyil. Bizim izimiz artıq Şuşanın tarixində var və bu izi heç bir yazı və cızıqla müqayisə etmək mümkün deyil. Şuşaya gedən insan orada öz adını deyil, mədəniyyətini və ehtiramını göstərməlidir. Daşın üzərinə yazı yazmaq, tarixi abidəni cızmaq, təbiəti korlamaq xatirə deyil. Bu, şəhərə, tarixə və bu torpağın azadlığı uğrunda canından keçən insanlara hörmətsizlikdir”.

Şuşanın daşlarına yazı yazmağa ehtiyac olmadığını vurğulayan Məhəmməd Əhmədov deyib: “2020-ci ildə Şuşanı azad etmək üçün döyüşmüşük, bu gün isə azad etdiyimiz torpaqları, onların tarixini və təbiətini qorumaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq bizim borcumuzdur. Bu məsuliyyət yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşür.

Şuşanın daşlarına yazı yazmağa ehtiyac yoxdur. Çünki biz öz tariximizi artıq qanımızla yazmışıq”.