Aİ üzvü olan ölkələrin, xüsusilə də Almaniya və İtaliyanın təzyiqi ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas keçmiş siyasi və hərbi liderlərdən ibarət müdafiə üzrə yüksəksəviyyəli qrupun yaradılmasından imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.
Kallasın 1 sentyabr 2026-cı il tarixində İrlandiyada müdafiə nazirlərinin görüşündə irəli sürdüyü bu təşəbbüsdən Brüsselin imtina etməsi, nəşrin məlumatına görə, Estoniyanın keçmiş baş nazirinin mövqelərinə növbəti zərbə ola bilər. Kallas Avropa Xarici Fəaliyyət Xidmətinin islahatına dair Fransa-Almaniya planlarına qarşı pərdəarxası mübarizəyə rəhbərlik edir və diplomatların fikrincə, bu müdafiə təşəbbüsü sözügedən addımlara müqavimət göstərmək cəhdi idi.
Təklifin əleyhinə olanlar yeni qrupun səlahiyyətlərinin Avropa Komissiyasının işini təkrar edəcəyindən və Aİ-nin müdafiə üzrə komissarı Andrius Kubilius un fəaliyyəti ilə kəsişəcəyindən ehtiyat edirlər. "Bəzi üzv dövlətlər hesab etdilər ki, bu, hazırda gedilməli olan yol deyil", — deyə Aİ rəsmilərindən biri bildirib. O, həmçinin əlavə edib: "Nazirlərlə müzakirədən sonra biz bu təşəbbüsdən imtina etmək qərarına gəldik və üzv dövlətlərlə qarşılıqlı əlaqənin yeni yollarını nəzərdən keçiririk".
Müdafiə üzrə yüksəksəviyyəli qrupun tərkibi Kallasın ofisi tərəfindən məxfi saxlanılsa da, üç diplomatın verdiyi məlumata görə, qrupa NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen rəhbərlik etməli idi. Qrupa Estoniyadan Yüri Luik və Fransadan Florans Parli kimi keçmiş müdafiə nazirlərinin daxil olacağı gözlənilirdi. Həmçinin Aİ-yə daxil olmayan ölkələrin, məsələn, Böyük Britaniya və Ukraynanın da burada təmsil olunması planlaşdırılırdı.