07 sentyabr 2026 12:58
81

TƏBİB-in Könüllülük proqramı: gənclərə təcrübə, vətəndaşlara daha keyfiyyətli xidmət

 

TƏBİB-in tabeli tibb müəssisələrində tibbi xidmətdən istifadə prosesinin daha rahat və əlçatan edilməsi, həmçinin vətəndaş məmnunluğunun artırılmasına dəstək məqsədilə Könüllülük proqramı öz fəaliyyətinə davam edir. 

Proqram gənclərin tibb müəssisələrində praktiki təcrübə qazanmasına və peşəkar bacarıqlarını inkişaf etdirməsinə, eyni zamanda vətəndaşlara göstərilən xidmətlərin daha səmərəli təşkilinə töhfə vermək məqsədi daşıyır. 

Hazırda könüllülər Nizami Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Xətai Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Yeni Klinika kimi tibb müəssisələrində fəaliyyət göstərir. 

Proqram çərçivəsində könüllülər tibb müəssisələrində pasiyentlərin qarşılanması və qeydiyyat prosesinin həyata keçirilməsi, habelə müvafiq həkimlərə yönləndirilməsi və məlumatların “myGov” platformasına inteqrasiyası istiqamətində çalışır, onlayn və canlı növbələrin idarə olunması prosesinə müvafiq dəstək göstərirlər. 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində fəaliyyət göstərən könüllülər isə vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə keçirilən sorğuların təşkilində və icrasında iştirak edirlər. Bu çərçivədə təcili tibbi yardıma müraciət etmiş vətəndaşlarla telefon əlaqəsi yaradılır, göstərilmiş xidmətin keyfiyyəti və səviyyəsi qiymətləndirilir, onların rəy və təklifləri öyrənilir.

Könüllülük fəaliyyəti vasitəsilə gənclər tibb müəssisələrinin iş prinsipləri ilə daha yaxından tanış olur və vətəndaşlara göstərilən xidmətlərin təşkilində fəal iştirak imkanı əldə edirlər.