07 sentyabr 2026 13:25
88

Yaxın Şərqdəki böhran BMT-nin təsir gücünü itirdiyini göstərdi - BƏƏ Prezidentinin müşaviri

Yaxın Şərqdə yaranmış silahlı münaqişə mövcud beynəlxalq sistemin böhranını və Birləşmiş Millətlər Təşkilatının (BMT) dünyada cərəyan edən proseslərə təsir göstərmək iqtidarında olmadığını üzə çıxarıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu fikri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Ənvər Qarqaş Abu-Dabi şəhərində keçirilən "Hili Forum" beynəlxalq tədbirindəki çıxışı zamanı səsləndirib.

Mövcud mexanizmlərin çatışmazlıqlarına diqqət çəkən diplomat bildirib: "Bu böhran beynəlxalq sistemin özünün də qüsurlarını nümayiş etdirdi. BMT gərginliyin artmasının qarşısını almaq, münaqişəni cilovlamaq və ya beynəlxalq nizamın əsaslandığı güman edilən bəzi təməl prinsipləri qorumaq üçün effektiv rol oynamağa bütün gücü ilə cəhd göstərdi... Lakin bu tür böhranların tənzimlənməsi üçün nəzərdə tutulmuş mexanizmlər getdikcə daha məhdud xarakter alır".