07 sentyabr 2026 13:48
100

Dronları qadınlar idarə etsin - TƏKLİF

Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov Ukrayna mətbuatına verdiyi müsahibədə qadınların hərbi xidmətə cəlb edilməsi məsələsinin müzakirə olunmasını təklif edib.

“İki sahil” xəbər verir ki, eks-nazir bildirib ki, qadınlarda təhlükəyə reaksiya fizioloji olaraq daha sürətlidir və onların periferik görmə qabiliyyəti daha yaxşı inkişaf edib. Bu səbəbdən o, qadınların dron idarəetməsi kimi sahələrdə və cəbhə xəttində xidmətə cəlb edilməsini uyğun hesab edir.

Reznikov daha əvvəl İsrail təcrübəsini nümunə göstərərək ümumi hərbi mükəlləfiyyətin qadınlara da şamil olunmasını müdafiə etmişdi. Oxşar təkliflər keçmiş müdafiə nazirinin müavini Anna Malyar və hərbçilər tərəfindən də səsləndirilib.

Ukraynanın Ali Radası və Milli Təhlükəsizlik Şurası qadınların məcburi səfərbərliyi ilə bağlı hər hansı qanun layihəsinin hazırlanmadığını, xidmətin yalnız könüllü əsaslarla (tibb və əczaçılıq təhsili olanlar istisna olmaqla) həyata keçirildiyini açıqlayıb.