07 sentyabr 2026 14:52
79

Avropa Parlamenti Macarıstandan LGBT əleyhinə qanunun ləğvini tələb edəcək

Avropa İttifaqı (Aİ) təsisatları ilə Macarıstan arasında qarşıdurmanın yeni mərhələsi oktyabr ayında başlayacaq. Avropa Parlamenti Macarıstandan LGBT əleyhinə qanunun ləğv edilməsini tələb edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Oktyabr ayında Avropa Parlamenti Macarıstana xüsusi missiya göndərəcək. Missiyanın məqsədi ölkənin Avropa normalarına riayət etməsi səviyyəsini, o cümlədən müvafiq qanunun ləğvi üçün şəraitin olub-olmadığını qiymətləndirməkdir. Nümayəndə heyəti yekun hesabat hazırlamaq üçün Macarıstanda vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Hələlik Peter Madyarın hökuməti bu qanunu ləğv etmək fikrində deyil.

Avropa Parlamenti missiyası Macarıstana qarşı Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi üzrə başladılmış prosedur şərtlərinin qiymətləndirilməsini aparmalıdır. Bu maddə Aİ "norma və dəyərlərinin" pozulmasına görə ölkənin Aİ Şurasında səs hüququndan məhrum edilməsini nəzərdə tutur. Sözügedən prosedur eks-baş nazir Viktor Orban hökumətinə təzyiq göstərmək məqsədilə 2018-ci ildə başladılmışdı.