07 sentyabr 2026 18:45
87

Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY

Aydın Quliyev: Vətənsevərlik, tarixə və şəhid ruhlarına hörmət hissinin ifadə forması və yeri düz seçilməlidir. Tariximizin, irsimizin müqəddəs izlərini qorumaq üçün ilk növbədə onları “həvəskar rəssamlardan, özfəaliyyətçi xəttatlardan” qorumalıyıq...

Qarabağın tacı Şuşa Azərbaycanın qədim tarixini, mədəniyyətini və ruhunu özündə yaşadan daş yaddaşımız və müqəddəs ünvanımızdır. Bu qədim yurdumuzun hər bir daşı, qayası və tarixi abidəsi xalqımızın şanlı keçmişini, Qələbə əzmini özündə əks etdirir. Əsrlər boyu sarsılmazlıq rəmzi olan, 2020-ci il noyabrın 8-də düşmən işğalından azad edilən Şuşada hazırda geniş bərpa-qruculuq işləri sürətlə davam edir. Şuşa bu gün rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır. Bu mənada bu şəhərdə daşların üzərinə adların, o cümlədən şəhidlərimizin adlarının yazılması ictimaiyyətimiz tərəfindən haqlı olaraq narazılıqla qarşılanıb. Unudulmamalıdır ki, mədəni irsimizə və tariximizə qarşı edilən hər hansı bir qəsd, xalqın mənəviyyatına, keçmişinə və gələcəyinə edilən ən böyük xəyanətdir.

Siyasi şərhçi, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, dövlətin və cəmiyyətin üzərində durduğu dayaqlardan biri dəyər və simvollar sistemidir. Onlara münasibət düz olanda həm fiziki-mənəvi faydaları olur, həm də dəyər və simvolların daimiliyinə təminat yaradılır. Dəyərləri qorumaq tək dövlətin işi deyil, tək cəmiyyətin də işi deyil, ikisinin birlikdə işidir. Ən səmərəli üsul budur. Bu iş özfəaliyyəti sevmir. İnsanlara dəyərlərlə rəftar qadağan edilə bilməz, düşünülmüş və təlqin olunmuş məhdudiyyətlər isə zərurudir və cəmiyyətin dəyərlər sistemi üzərində daha da möhkəmlənməsinə xidmət edir. Hər kəs bunu dərk edə bilsə, dəyərlərimizə və simvollarımıza pərrakəndə yanaşmalara yer qalmaz: “Pərakəndə münasibət və özfəaliyyət dəyərlərin ucuzlaşmasının, adiləşməsinin və sonda məhv olmasının başlanğıcıdır. İllah da ki, ucuzlaşdırılan həmin dəyərlərin yolunda dünən canımızdan keçməyə hazır idik. Dünən düz yolda idik, bu gün bəzi yanlışlara yol veririk. Dünən dəyərləri qan və can bahasına xilas edəndə çox möhtəşəm idik. Çünki hamımızı bir xəttin ətrafında toparlayan o dəyərlərə doğru gedirdik. Bu gün həmin dəyərlərin üstünə çıxırıq, üstünə yürüyürük, onu özümüzdən incidirik. Buna görə həm dəyərlərdən uzaqlaşırıq, həm də möhtəşəmliyimizi itiririk...”

A.Quliyev qeyd etdi ki, tarix izlərinin, mədəniyyət, təbiət və insan əli ilə yaradılmış sənət abidələrinin üzərində bəzən mənası belə anlaşılmaz əcaib heroqliflərin, rəsm və mücərrəd illüstrasiyaların çəkilməsi DƏYƏRİN üzərinə yerimək deyilmi? O DƏYƏRİN üzərinə yad cisimlər həkk etməklə həmin DƏYƏRİ nalayiq bir yerə tullamağın arasında fərq varmı?! Yoxdur: “Xatirələr, dəyərlər belə əbədiləşdirilmir. Bir simvolu korlamaqla başqa bir dəyəri yaşatmaq istəyinin nə qədər əcaiblik olduğunu anlamaq lazımdır. Bakının küçələrində, Qarabağın daşlarında, meşələrində əcaib xəttlə adlar yazıb rəsmlər çəkmək nə əbədiləşmək əlamətidir, nə də əbədiləşənlərə hörmət... Əksinə, bu sayaq “hörmət(sizlik)” jestləri həmin yerlərin öz ruhunu, doğma tarixini yad cızma-qaraların altında unutdurmaqdır, məhv etməkdir... Bir haşiyə çıxıb mövzuya daha konkret şəkillərdə yenidən qayıdaq”.

Siyasi şərhçi vurğuladı ki, dəyərlərimizi, şəhidlərimizin xatirəsini həm də ləyaqətli və sivil formada əbədiləşdirən nə qədər yerlər, parklar, xatirə kompleksləri, bulaqlar, abad gəzinti, istirahət yerləri var... Onlar Qarabağdadır, Zəngəzurdadır, Azərbaycanın hər yerində var və yeniləri yaradılmaqda davam edir: “Hamısı uyğun metodologiya, sistem və qayğı ilə salınıb... Bunlar kimlərinsə özfəaliyyət qaydasında çəkdiyi həvəskar “rəsm əsərlərinə” tay tutulmamalıdır... İndi vacib işimiz Şuşanın, Xankəndinin, hamısının altındakı, üstündəki mənfur təcavüz izlərini elə silib təmizləməkdir ki, altındakı əsl tarix, əsl mədəniyyət və əsl millilik tam çılpaqlığı ilə üzə çıxsın. Çıxsın ki, düşmənə göz dağı, özümüzə əlavə qürur mənbəyi olsun. Həvəskar “rəssamlıq əsərləri” bu müqəddəs missiyanın mahiyyətinə, onu bizə qaytarmış şəhidlərin əziz ruhuna hörmətsizlikdir. Bakıdakı Nizami kino mərkəzinə az əvvəllər “həvəskar rəssamların” çəkdiyi kifir “əsərlər” cəmiyyətə və dövlətimizə nə(sə) verdi?!”.

A.Quliyevin qənaətinə görə, tariximizi, dəyər və simvollarımızı, şəhidlərin ruhunu əbədiləşdirməyi dövlətin, peşəkarların, işbilənlərin öhdəsinə buraxmaq daha yaxşısıdır: “Tariximizin, irsimizin izləri hər yerdə var - Qarabağda, Zəngəzurda, Bakıda, Naxçıvanda, Lənkəranda… Bu müqəddəs izləri qorumaq üçün ilk növbədə onları “həvəskar rəssamlardan, özfəaliyyətçi xəttatlardan” qorumalıyıq... Heç kimin vətənpərvərlik hissiyatını şübhə altına almıram. Ancaq vətənsevərlik, tarixə və şəhid ruhlarına hörmət hissinin ifadə forması və yeri düz seçilməlidir. Abidələri, daşları, torpağı cürbəcür həvəskar yazılarla korlamaq vətənsevərlik deyil”.

Zahid Rza “İki sahil”