07 sentyabr 2026 20:22
89

Muzhir Məhəmməd Saleh: Hörmüz boğazındakı böhran davam edəcəyi təqdirdə...

İraq Hörmüz böhranının təsirləri ilə mübarizə mərhələsindən böhrana uyğunlaşmaq və onu nəzarətdə saxlamaq mərhələsinə keçib.

“İki sahil” xəbər verir ki, bunu İraqın Baş nazirinin müşaviri Muzhir Məhəmməd Saleh İraq Xəbər Agentliyinə açıqlamasında bildirib. O əlavə edib ki, hökumət neft ixracını müharibədən əvvəlki səviyyədə Hörmüz boğazından kənar marşrutlar hesabına təmin etməyə çalışır. Yeni neft kəmərlərinin çəkilməsi və alternativ mənbələrin müəyyənləşdirilməsi məsələsinə toxunan İraq rəsmisi qeyd edib ki, bu, dövlətin neft siyasətini və marketinqini geosiyasi qarşıdurmalardan uzaq istiqamətlərə yönəltmək planının bir hissəsidir. O bildirib ki, Hörmüz boğazındakı böhran davam edəcəyi təqdirdə, İraq qonşu ölkələr vasitəsilə neft ixracını həyata keçirə bilər. Bu isə ölkənin neft siyasətində əvvəlkindən fərqli yeni ixrac marşrutlarının formalaşdırılması deməkdir.

Muzhir Salehin sözlərinə görə, İraq əvvəllər ixrac etdiyi gündəlik 3,4 milyon barel neft həcmini təmin etməyə çalışır. Həmin həcmin 80-85 faizi Hörmüz boğazı vasitəsilə ixrac olunurdu. Hazırda isə bu ixracın qonşu regionlar üzərindən həyata keçirilməsi imkanları nəzərdən keçirilir.