07 sentyabr 2026 23:40
90

Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb

ABŞ-nin tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə məhdudiyyətləri nəticəsində Kubaya 2025-ci ilin martından 2026-cı ilin martınadək 8,83 milyard dollardan çox zərər dəydiyi bildirilir.

“İki sahil” xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya ABŞ sanksiyalarının ölkəyə mənfi təsirlərinə dair hesabatın təqdimatı zamanı bildirib. “ABŞ-nin iqtisadi boğma siyasətinin 2025-ci il martın 1-dən 2026-cı il fevralın 28-dək vurduğu zərər 8,83 milyard dollardan çox olub”, – nazir deyib. Rodriges Parrilyanın sözlərinə görə, bu, rekord göstəricidir və əvvəlki hesabatda açıqlanan rəqəmdən 7 faiz çoxdur.

Kuba XİN rəhbəri ABŞ-nin 60 ildən artıq müddətdə tətbiq etdiyi məhdudiyyətlərin ölkəyə vurduğu ümumi zərərin cari qiymətlərlə 178,7 milyard dolları keçdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici əvvəlki hesabatdakından 4,7 faiz yüksəkdir.

Hesabat Kubada akkreditə olunmuş diplomatik korpusa da təqdim edilib və BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacaq.