08 sentyabr 2026 11:18
120

Fransa Dənizaşırı ərazilərə səfər üçün viza qaydalarını sərtləşdirir

Fransa hökuməti ölkənin Dənizaşırı ərazilərinə səfər etmək istəyən əcnəbilər üçün viza və giriş qaydalarını sərtləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Fransanın materik hissəsində tətbiq edilən Şengen viza rejimindən fərqli olaraq, Dənizaşırı ərazilərə giriş üçün ayrıca viza və inzibati prosedurlar mövcuddur. Fransa qanunvericiliyinə əsasən, Avropadan kənarda yerləşən Qvadelup, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Uollis və Futuna Şengen zonasının tərkibinə daxil deyil. Bu səbəbdən Şengen vizasına malik olmaq bir qayda olaraq, həmin ərazilərə giriş üçün kifayət etmir. Viza tələb olunan əcnəbilər Dənizaşırı ərazilərə səfər etmək üçün ayrıca viza almalıdırlar.

Bakı Təşəbbüs Qrupunun bəyanatında vurğulanır ki, Fransanın Dənizaşırı ərazilərdə tətbiq etdiyi əlavə viza və giriş prosedurları yerli xalqların nümayəndələrinin, media mənsublarının, tədqiqatçıların, hüquq müdafiəçilərinin və digər beynəlxalq iştirakçıların həmin ərazilərə səfər imkanlarını məhdudlaşdırır.

Bəyanatda bildirilir ki, bu məhdudiyyətlər Dənizaşırı ərazilərdə yaşayan xalqların üzləşdiyi problemlərin, eləcə də müstəmləkəçilik siyasətinin tarixi və bu günədək davam edən nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasını çətinləşdirə bilər.

BTQ hesab edir ki, Fransa bir tərəfdən Dənizaşırı əraziləri dövlət ərazisinin tərkib hissəsi kimi təqdim edir, digər tərəfdən isə həmin ərazilərə giriş-çıxış və hərəkət üçün ayrıca hüquqi və inzibati rejim tətbiq edir. Bu yanaşma materik Fransa ilə Dənizaşırı ərazilər arasında inzibati fərqliliklərin yaranmasına səbəb olur.

Bəyanatda, həmçinin qeyd olunur ki, əlavə viza və giriş prosedurları turistlərin, investorların, sahibkarların, tədqiqatçıların və digər xarici iqtisadi və ictimai aktorların Dənizaşırı ərazilərə çıxışını çətinləşdirir. Bunun turizm gəlirlərinin, investisiya axınlarının, biznes əlaqələrinin və regional iqtisadi əməkdaşlığın inkişafına mənfi təsir göstərə biləcəyi vurğulanır.

BTQ-nin qiymətləndirməsinə görə, sözügedən məhdudiyyətlər xüsusilə kiçik və coğrafi baxımdan təcrid olunmuş iqtisadiyyatların xarici bazarlara çıxış imkanlarını zəiflədə və onların regional iqtisadi inteqrasiyasını məhdudlaşdıra bilər.

Bəyanatda, həmçinin bildirilir ki, Karib, Sakit okean və Hind okeanı regionlarında yerləşən Fransanın Dənizaşırı əraziləri bu səbəbdən coğrafi qonşuları ilə iqtisadi və ticarət əlaqələrini dərinləşdirməkdə çətinliklərlə üzləşir. Eyni zamanda, onların materik Fransadan maliyyə, ticarət və institusional asılılığının daha da güclənməsi riski qeyd olunur.

Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin onun əməkdaşlarına, eləcə də Qrupun xətti ilə Dənizaşırı ərazilərə səfər etmək istəyən şəxslərə viza verməkdən imtina etdiyini bildirir. BTQ hesab edir ki, viza məhdudiyyətləri Dənizaşırı ərazilərlə bağlı beynəlxalq əlaqələrin, məlumat mübadiləsinin və ictimai diplomatiyanın inkişafına əlavə maneələr yaradır.