08 sentyabr 2026 12:21
105

Azərbaycan qlobal ekoloji və iqlim gündəliyində fəal rolunu davam etdirir

Sentyabrın 7-də Nayrobi şəhərində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin 13-cü illik alt komitə iclası Azərbaycanın sədrliyi ilə öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki daimi nümayəndəliyindən bildirilib ki, ildə bir dəfə keçirilən bu iclas BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) sessiyalararası əsas yığıncağıdır. 150-dən çox üzv ölkənin və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə 5 gün davam edəcək iclasda UNEP-in ümumi fəaliyyət gündəliyi, 2026-2029-cü illər üzrə strateji planın icrası, habelə ətraf mühitin qorunması, iqlim dəyişmələri üzrə çoxtərəfli fəaliyyətin nəticələri və gələcək planlar gündəliyə çıxarılıb.

İclasda hazırda Azərbaycanda keçirilən “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim gündəliyində ölkəmizin rolu vurğulanıb. Həmçinin cari ilin iyun ayında Azərbaycanın ev sahibliyi ilə keçirilən UNEP-in Ümumdünya Ətraf Mühit Günü və iyul ayında keçirilən UNFCCC-nin danışıq qruplarının sədrlərinin 3-cü Şamaxı Toplantısının töhfələri qeyd olunub. Tədbirin ilk günü Azərbaycan və Yamayka 13-cü illik alt komitə iclasının iştirakçılarına birgə rəsmi qəbul təşkil edib.

Qeyd edək ki, Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev ötən ilin iyulundan UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədridir. Azərbaycan bu sədrlik çərçivəsində UNEA-nın hazırkı prezidenti, Yamaykanın su, ətraf mühit və iqlim dəyişmələri naziri Metyu Samuda ilə birgə bu proseslərə öz töhfəsini verir.