08 sentyabr 2026 14:48
98

Səudiyyə Ərəbistanı öz ərazisinə hücumlara dözməyəcək - BƏYANAT

Səudiyyə Ərəbistanı yəmənli husi üsyançılarının hücumlarına cavab olaraq öz suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

SPA agentliyinin sitat gətirdiyi XİN mətnində qeyd olunur: "Abxa, Xamis-Muşeyt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərin atəşə tutulmasını, nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 73 dinc sakinin zərər çəkdiyini qətiyyətlə pisləyirik. Səudiyyə krallığı öz ərazisinə qarşı təcavüzə dözməyəcək və milli sərvəti qorumaq, eləcə də vətəndaşların təhlükəsizliyini təmin etmək üçün qanuni hüququndan istifadə edəcək".

Bəyanatda vurğulanır ki, "Ənsar Allah" hərəkatının düşmənçilik hərəkətləri və Qırmızı dənizdə ticarət gəmilərinin davamlı atəşə tutulması beynəlxalq dəniz gəmiçiliyini təhlükə altına qoyur. Xarici siyasət idarəsinin bəyanatında vurğulanır: "Husilərin dinc əhaliyə və mülki infrastruktura qarşı cinayətkar hücumlarının nəticələri barədə xəbərdarlıq edir, bu qruplaşma tərəfindən bütün növ gərginliyin dərhal dayandırılmasını tələb edirik".

Bundan əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi neft-qaz sektorunun bir sıra obyektlərində baş vermiş yanğınlar səbəbindən işlərin dayandırıldığını bildirmişdi. Hakimiyyət orqanları zərbələrin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.