Dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, zəngin tarixi irsi və geosiyasi əhəmiyyəti Azərbaycan dövlətçiliyinin təməl sütunlarından birini təşkil edir. Uzun illərdir, coğrafi təcrid və ağır blokada şəraitində yaşamasına baxmayaraq, bu qədim diyar öz daxili əzmi və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində sarsılmazlıq nümunəsi göstərmişdir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsizlik girdabından çəkib çıxardığı Naxçıvan bugünkü inkişafı, yüksəlişi və təhlükəsizliyinin təmini ilə nəinki ölkəmizdə, dünyada da sarsılmaz iradənin, dövlətçilik təfəkkürünün və böyük xilaskarlıq missiyasının bariz təcəssümü kimi qəbul edilir. “Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik...Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib”. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi bu fikirlər muxtar respublikanın Azərbaycan dövlətçilik tarixində tutduğu müstəsna yeri, bu qədim diyarın yalnız coğrafi və strateji deyil, həm də mənəvi-intellektual cəhətdən dövlətimizin əsas sütunlarından biri olduğunu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri regionun gələcək taleyini müəyyənləşdirən mühüm dönüş nöqtəsi oldu. Prezidentin muxtar respublikaya 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə isə Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, Azərbaycanın iqtisadi və nəqliyyat şəbəkəsinə inteqrasiyasının sürətləndiyini və regionun gələcək strateji rolu ilə bağlı aydın baxışın mövcudluğunu göstərdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar fonunda qarşıda duran ən böyük strateji hədəflərdən biri də Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat və logistika əlaqəsinin bərpasıdır. Məhz bu dönüş nöqtəsindən sonra Prezident İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində təməli qoyulan layihələr, açılışı edilən müəssisələr və qəbul olunan tarixi qərarlar sübut edir ki, Naxçıvan artıq blokadada olan bir ərazi kimi deyil, Cənubi Qafqazın ən dinamik inkişaf edən, müasir texnologiyalara və yaşıl enerjiyə əsaslanan innovativ mərkəzlərindən biri kimi formalaşır.
Səfər çərçivəsində həyata keçirilən təməlqoyma mərasimləri muxtar respublikanın gələcək 20 illik şəhərsalma, sənayeləşmə və sosial inkişaf strategiyasını tam ortaya qoydu. Dövlət başçısına təqdim olunan “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” Naxçıvanın modern ekoloji standartlara cavab verən, “ağıllı şəhər” konsepsiyasına əsaslanan inkişafını nəzərdə tutur. Baş Plana əsasən şəhərin tarixi siması qorunmaqla yanaşı, yeni nəqliyyat şəbəkəsi, yaşıl zonalar və müasir sosial infrastruktur obyektləri yaradılacaqdır. Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir.
Təməli qoyulan Naxçıvan Sənaye Parkı ölkəmizdə hazırda 8 sənaye parkından biridir və regionda qeyri-neft sektorunun sürətli inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalına və yeni iş yerlərinin açılmasına xidmət edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr yerinə yetirilir. Bu, gələcəkdə Naxçıvanın idxaldan asılılığını azaltmaqla yanaşı, ixrac potensialını dəfələrlə artıracaqdır.
Həmçinin Naxçıvan şəhərində təməli qoyulan Sosial Evlər Kompleksi sosial baxımdan həssas qrupların və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlib. 16 binadan və 518 mənzildən ibarət olacaq bu kompleks müasir kommunal infrastruktur və uşaq meydançaları ilə təmin edilməklə sosial ədalət və rifah prinsiplərini tam əks etdirir.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirakı Naxçıvanın sarsılmaz hərbi gücünün, yüksək döyüş hazırlığının və ordumuzun Zəfər əzminin bariz təzahürünə çevrildi.
Prezident İlham Əliyevin səfəri zamanı sosial sahədəki obyektlərin açılışı, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanışlıq dövlətin insan kapitalına verdiyi yüksək dəyəri bir daha sübut edir. İqtisadiyyatın şaxələndirilməsi strategiyasına uyğun olaraq, Naxçıvanda ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı, emal sənayesi, informasiya texnologiyaları və turizm sektoru da sürətlə inkişaf etdirilir. Müasir suvarma sistemlərinin qurulması, torpaqların su təminatının yaxşılaşdırılması, aqrar sektorda innovativ texnologiyaların tətbiqi fermerlərin məhsuldarlığını artırır. Eyni zamanda, Naxçıvanın zəngin tarixi-mədəni irsi, Möminə Xatun türbəsi, Əlincə Qalası, Əshabi-Kəhf kimi müqəddəs və tarixi məkanları, eləcə də Duzdağ Fizioterapiya Mərkəzi kimi nadir səhiyyə ocaqları regionda turizmin müxtəlif növlü inkişafı üçün tükənməz imkanlar təqdim edir. Qeyd edək ki, ölkə başçısı Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən, dövlət başçısının avqustun 11-də Naxçıvan şəhərindəki “Əcəmi seyrəngahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması mərasimində iştirakı və hazırda Möminə xatun türbəsində aparılan bərpa-konservasiya işləri maddi-mədəni irsə göstərilən qayğının, dövlətimizin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürü, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biridir...
Gələcəkdə Naxçıvan Muxtar Respublikasının daha da inkişafında Zəngəzur dəhlizi mühüm rol oynayacaq. Bu dəhliz sadəcə iki coğrafi nöqtənin bir-biri ilə birləşdirilməsi demək deyildir, bu layihə eyni zamanda Avropa ilə Asiyanı, Türk dünyasının coğrafi və beynəlxalq yükdaşıma marşrutlarını bir-birinə bağlayan nəhəng bir geoiqtisadi tranzit xəttidir. Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin strateji əhəmiyyətini və bu mühüm nəqliyyat layihəsinin mərkəzində Naxçıvanın dayandığını ifadə edərək demişdir: “Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”. Bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələri tamamlandıqda, Naxçıvan Yaxın Şərq, Türkiyə, Rusiya və Avropa istiqamətində hərəkət edən yük axınlarının ən təhlükəsiz və qısa keçid məntəqəsinə çevriləcəkdir. Bu, regional ticarət dövriyyəsinin artmasına, muxtar respublikada yeni iş yerlərinin açılmasına və yerli istehsalın xarici bazarlara maneəsiz çıxışına şərait yaradacaqdır.
Müasir dövrdə iqtisadi inkişafın əsas göstəricilərindən biri də ekoloji standartlara riayət olunması və bərpaolunan enerji mənbələrinə keçiddir. Bu kontekstdə Naxçıvan Muxtar Respublikası öz təbii-coğrafi şəraiti, zəngin günəş və külək potensialı ilə ölkənin yaşıl enerji mərkəzinə çevrilmək üçün ən ideal regionlardan biridir. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı diqqət yetirdiyi ən vacib sahələrdən biri də yaşıl enerji layihələrinin genişləndirilməsi olmuşdur. Muxtar respublikanın Günəş potensialı və xüsusilə su potensialı nəzərə alınaraq burada gələcəkdə daha böyük işlər görülməsi planlaşdırılır. Ordubad rayonunun Tivi kəndindəki 15 meqavatdan bir qədər çox gücdə su elektrik stansiyasının layihəsinin reallaşdırılması, ötürücü xətlərin imkanlarını genişləndirilməsi gündəlikdə duran əsas məsələlərdəndir. Dövlət başçısının Azərbaycanın enerji təhlükəsizliyi və ixrac imkanları haqqında bildirdiyi fikirlər Naxçıvanın gələcək rolunu aydın şəkildə nümayiş etdirir: “Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur”. Muxtar respublikada artıq fəaliyyət göstərən və gələcəkdə inşası planlaşdırılan Günəş və hidroelektrik stansiyaları təkcə daxili tələbatın 100 faiz yaşıl enerji hesabına ödənilməsini təmin etməyəcək, həm də Naxçıvanı elektrik enerjisi ixrac edən regiona çevirəcəkdir. Xarici investorların Naxçıvanın bərpaolunan enerji sektoruna maraq göstərməsi isə dövlət başçısının həyata keçirdiyi uzaqgörən energetika siyasətinin real bəhrəsidir.
Naxçıvanın real sosial-iqtisadi inkişafı bugünkü idarəetmə sisteminin müasirləşdirilməsi ilə bağlıdır. Dövlət başçısının muxtar respublikada həyata keçirdiyi kadr və struktur islahatları idarəetmədə mərkəzi dövlət orqanları ilə tam inteqrasiyanın təmin olunmasına, şəffaflığın artırılmasına yönəlmişdir. Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi institutunun təsisi və müvafiq dövlət strukturlarının mərkəzi idarəetmə standartlarına uyğunlaşdırılması bunun bariz nümunəsidir. Bu idarəetmə modeli vətəndaş-dövlət münasibətlərində məmnunluq səviyyəsinin yüksəldilməsini, sosial ədalət prinsiplərinin qorunmasını və dövlət xidmətlərinin operativliyini əsas şərt kimi qarşıya qoyur. Qeyd edək ki, Prezident İlham Əliyev 2026-cı il 10 mart tarixində “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununu təsdiqləyib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalayıb. Bu Sərəncam yeni idarəetmə modelinin hüquqi əsaslarının formalaşdırılması, səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm rol oynayır.
Dövlət başçısının 2026-cı il 12 avqust tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı isə ölkəmizin onun ayrılmaz hissəsi olan muxtar respublikanın inkişafına yönəlmiş sistemli və ardıcıl siyasətinin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə respublikanın dövlət büdcəsindən və muxtar respublikanın büdcəsindən ümumilikdə 258 milyon manat vəsait ayrılıb. Bu vəsait Naxçıvanın infrastruktur bazasının möhkəmləndirilməsi, Naxçıvanın ölkənin ümumi inkişafına töhfəsinin gücləndirilməsində mühüm rol oynayacaq. Belə ki, regionda məşğulluğu artırmaqla əhalinin həyat səviyyəsinin yüksəlməsinə imkan yaradılması, nəqliyyat yollarının şaxələndirilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, abadlıq-quruculuq işlərinin təkmilləşməsi, təhsil infrastrukturunun yenilənməsi bu Sərəncamın əhatə dairəsində prioritet təşkil edir.
Nəticədə Prezident İlham Əliyevin Naxçıvana səfəri, qəbul etdiyi qərarlar, təməlini qoyduğu nəhəng infrastrukturlar və imzaladığı sərəncamlar onu göstərir ki, Azərbaycan dövləti hər bir regionun, xüsusən də strateji əhəmiyyətə malik Naxçıvanın inkişafını diqqətdə saxlayır. Bu tarixi səfər həm də Naxçıvanın daha da çiçəklənməsini, təhlükəsizliyini və parlaq gələcəyini şərtləndirən başlıca amildir. Sevindiricidir ki, bu gün qədim diyarımız Naxçıvan Azərbaycanın ayrılmaz parçası kimi həm də Türk dünyasının mərkəzi, regional nəqliyyat şəbəkələrinin və qlobal enerji marşrutlarının strateji qovşağı rolunu uğurla yerinə yetirir.
Güntac Şahməmmədli,
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti
Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY
Əsl qəhrəmanın adı qaya və qala divarları üzərinə deyil, ürəklərə, yaddaşlara yazılır