09 sentyabr 2026 19:15
176

Ermənistan yeni siyasi mərhələdə

Ermənistanda son dövrdə baş verən siyasi proseslər ölkənin həm daxili, həm də xarici siyasətində yeni mərhələnin formalaşdığını göstərir. 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərindən sonra Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə qalib gəlməsi onun siyasi mövqelərini daha da möhkəmləndirib. Rəsmi nəticələrə görə, hakim siyasi qüvvə səslərin 49,7456 faizini toplayıb. Bu nəticə Paşinyan hökumətinə həm daxili siyasi kursu davam etdirmək, həm də xarici siyasətdə daha fəal addımlar atmaq üçün geniş imkanlar yaradıb. Başqa sözlə, seçkidən sonra Ermənistanın siyasi gündəliyində qarşıdakı dövr üçün daha konkret prioritetlər müəyyənləşib.

Hazırda Ermənistanın qarşısında duran əsas məsələlərdən biri Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh prosesinin irəlilədilməsi və uzunmüddətli, dayanıqlı sülhün təmin olunmasıdır. Bu istiqamətdə atılan addımlar artıq yalnız diplomatik münasibətlər çərçivəsində deyil, Ermənistanın gələcək iqtisadi və siyasi inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.

Paşinyan Azərbaycanla dövlətlərarası münasibətlərin qurulmasının, sərhədlərin müəyyənləşdirilməsinin, nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini vurğulayır. Eyni zamanda, İrəvan regionda yeni nəqliyyat və iqtisadi imkanların yaradılmasını nəzərdə tutan layihələrdə iştirak etməyə çalışır. Bu baxımdan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) xüsusi əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi regionda nəqliyyat əlaqələrinin genişlənməsi, iqtisadi əməkdaşlığın artması və ölkələr arasında qarşılıqlı asılılığın güclənməsi baxımından yeni imkanlar yarada bilər. Son günlər TRIPP layihəsi ilə bağlı Ermənistan rəsmilərinin ABŞ tərəfi ilə müzakirələri də davam edir.
Azərbaycanla münasibətlərin de-yure normallaşdırılması Ermənistan iqtisadiyyatı üçün də xüsusi əhəmiyyət daşıyır. Regional kommunikasiyaların açılması ölkənin yeni bazarlara çıxışını genişləndirə, tranzit imkanlarını artıra və iqtisadi əlaqələrin coğrafiyasını genişləndirə bilər. Bu baxımdan sülh Ermənistan üçün yalnız təhlükəsizlik məsələsi deyil. Söhbət həm də iqtisadi inkişaf, investisiyaların cəlb edilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və regional iqtisadi proseslərə daha fəal qoşulmaqdan gedir. Təsadüfi deyil ki, son dövrdə sülh və regional bağlantı məsələləri Ermənistanın iqtisadi gündəliyində də daha çox yer almağa başlayıb.

Paşinyan hökumətinin gündəliyində konstitusiya dəyişiklikləri və ölkənin siyasi sisteminin yenilənməsi də mühüm yer tutur. Baş nazir Ermənistanın qarşısında yeni siyasi mərhələnin dayandığını və “Dördüncü respublika” anlayışını irəli sürüb. Bu yanaşmanın əsas istiqamətləri sırasında dövlət institutlarının gücləndirilməsi, sülh gündəliyinin möhkəmləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi dayanır. Əgər bu istiqamətdə real addımlar atılarsa, Ermənistanın daxili siyasi sistemində və xarici siyasət prioritetlərində ciddi dəyişikliklərin baş verməsi mümkündür.
Ermənistanın xarici siyasətində ən ciddi dəyişikliklərdən biri Rusiya ilə münasibətlərdə müşahidə olunur. Paşinyan hökuməti son illərdə Moskva ilə əvvəlki müttəfiqlik modelindən uzaqlaşaraq Avropa İttifaqı və ABŞ-la münasibətləri genişləndirməyə çalışır. Bu prosesin son nümunələrindən biri 102-ci Rusiya hərbi bazası ilə bağlı Paşinyanın açıqlamasıdır. Baş nazir bildirib ki, Ermənistan həmin bazanın ölkə ərazisində olmasını “həyati zərurət” hesab etmir və Rusiya hərbi bazanı çıxarmaq qərarına gəlsə, rəsmi İrəvan buna etiraz etməyəcək: “Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində olmasını həyati zərurət hesab etmirik. Əgər Rusiya hərbi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik”. Bu açıqlama Ermənistan-Rusiya münasibətlərinin əvvəlki səviyyədə olmadığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Eyni zamanda, bunu İrəvanın təhlükəsizlik siyasətində alternativ tərəfdaşlıqlara və yeni əməkdaşlıq formatlarına üstünlük vermək istəyinin göstəricisi kimi də nəzərdən keçirilir.
Hazırda Ermənistanın xarici siyasətində digər diqqətçəkən istiqamət Qərblə əlaqələrin genişləndirilməsidir. İrəvan Avropa İttifaqı və ABŞ-la siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığını artırmağa çalışır. Lakin Qərbə yaxınlaşma öz-özlüyündə Ermənistanın qarşısında duran bütün problemləri həll etmir. Əksinə, yeni tərəfdaşlıqların səmərəli nəticə verməsi üçün Ermənistanın regiondakı qonşuları ilə normal münasibətlər qurması, iqtisadi əlaqələri genişləndirməsi və uzunmüddətli sabitliyə nail olması vacibdir.
Bu baxımdan Azərbaycanla sülh Ermənistanın Qərbə inteqrasiya siyasətini tamamlayan mühüm amil ola bilər. Çünki Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi həm yeni nəqliyyat layihələrinin, həm də iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yarada bilər.
Əslində, Ermənistanın qarşısında duran məsələ yalnız Rusiya ilə Qərb arasında seçim etməkdən ibarət deyil. Daha mühüm seçim qarşıdurma ilə əməkdaşlıq, keçmişin siyasi stereotipləri ilə yeni regional reallıqlar arasında seçimdir. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq artıq Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsini dəyişib. Bu reallıq Ermənistan üçün də yeni imkanlar açır. Lakin həmin imkanlardan istifadə etmək üçün İrəvanın qonşuları ilə münasibətlərini normallaşdırması, sülh prosesini ardıcıl şəkildə davam etdirməsi və regional əməkdaşlıqda konstruktiv mövqe tutması vacibdir.
Bəli, Ermənistanın qarşısındakı yol artıq daha aydın görünür. Ya keçmişdən miras qalmış qarşıdurma siyasətinin təsiri altında qalmaq, ya da yeni reallıqları qəbul edərək sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya yolunu seçmək. Hazırkı proseslər göstərir ki, ikinci istiqamət yalnız Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün daha perspektivlidir. Davamlı sülh isə bu perspektivin əsas dayağıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”