09 sentyabr 2026 20:15
175

Qubada aqrar sahə ilə bağlı regional konfrans keçirilib

Quba rayonunda "Aqrar təhsil və istehsalatın inteqrasiyası: məhsuldarlıq, məşğulluq və ərzaq təhlükəsizliyi" mövzusunda regional konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda təşkil olunan tədbir Kənd Təsərrüfatı Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institutunun birgə təşkilati dəstəyi ilə baş tutub.

Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin Quba filialının direktoru Yusif Alıyev iştirak ediblər. Tədbirə, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru dosent İlham Qaraqurbanlı, hər iki müəssisənin əməkdaşları, ictimaiyyət nümayəndələri və yeni açılan "Aqronomluq" ixtisasının tələbələri qatılıblar.

Giriş nitqi ilə çıxış edən Yusif Alıyev aqrar sahədə təhsilin, elmi tədqiqatların və istehsalat təcrübəsinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Quba filialında "Aqronomluq" ixtisasının açılması bölgənin aqrar potensialına və mütəxəssis tələbatına uyğun kadr hazırlığına xidmət edir. Yeni ixtisas tələbələrə nəzəri biliklərini elmi tədqiqat və praktiki fəaliyyətlə birləşdirmək imkanı yaradacaq. ADPU-nun rektoru professor Cəfər Cəfərov bu təşəbbüsü universitetin regionların sosial-iqtisadi inkişafına töhfəsi kimi qiymətləndirib. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov isə aqrar sahə üzrə mütəxəssis hazırlığının rayonun kənd təsərrüfatı imkanlarından daha səmərəli istifadəyə şərait yaradacağını bildirib. Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli çıxışlarında aqrar sektorun inkişafı, qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi səmərəlilik və məşğulluq məsələlərinə toxunublar. Torpaq ehtiyatlarının düzgün idarə olunmasının və keyfiyyətli ərzaq təminatının strateji əhəmiyyəti diqqətə çatdırılıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov elmi yeniliklərin və rəqəmsal həllərin istehsalatda tətbiqinin vacibliyindən danışıb. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Emin Əliyev nəzəri biliklərin praktik bacarıqlara və innovativ həllərə çevrilməsinin əhəmiyyətini vurğulayıb.

Konfransda aqrar təhsil, elm və istehsalat arasında əməkdaşlığın genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Universitet, dövlət qurumları, elmi müəssisələr və istehsalçılar arasında davamlı tərəfdaşlığın qurulması əsas hədəflərdən biri kimi göstərilib. Belə əməkdaşlığın məhsuldarlığın artırılmasına, dayanıqlı məşğulluğa, gənclərin aqrar sahəyə marağının gücləndirilməsinə və ərzaq təhlükəsizliyinə xidmət edəcəyi vurğulanıb.

ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın moderatorluğu ilə keçirilən rəsmi hissədə "Aqronomluq" ixtisasının tələbələrinə müxtəlif nominasiyalar üzrə təşəkkürnamələr təqdim olunub.

Daha sonra tələbələr üçün görüş keçirilib. Sonra praktiki tanışlıq proqramı təşkil edilib. Qonaqlar tələbələr üçün yaradılmış aqroekologiya, analiz və bitkilərin mikroklonal çoxaldılması laboratoriyalarında aparılan işlərlə tanış olub, torpaq, su və bitki nümunələrinin tədqiqi prosesini izləyiblər. İstixana-tingçilik kompleksində və çöl təcrübə sahələrində isə onlara sortların yerli iqlim şəraitinə uyğunlaşdırılması və aqrotexniki qulluq qaydaları barədə məlumat verilib.