Sosial media filtrləri, həmyaşıd təzyiqi və valideynlərin yanlış yanaşması uşaqların öz görünüşlərinə münasibətlərini dəyişir.
Uşağın burnunu, və ya üz cizgilərini bəyənməməsi ilk baxışda adi estetik narazılıq kimi görünə bilər. Lakin bu narazılığın arxasında bəzən uşağın məktəbdə eşitdiyi bir söz, sosial şəbəkədə qarşılaşdığı “ideal” görünüş və ya həmyaşıdları tərəfindən qəbul edilmək istəyi dayanır. Belə olduqda söhbət artıq yalnız xarici görünüşdən getmir.
Son illərdə uşaqların və yeniyetmələrin estetik müdaxilələrə maraqları müzakirə olunan məsələlərdən birinə çevrilib. Mütəxəssislər isə bu cür müraciətlərin səbəbinin yalnız fiziki qüsurla izah edilməsinin doğru olmadığını bildirirlər. Bəzi hallarda uşağın əməliyyat olunmaq istəyi sosial təzyiqin, həmyaşıd zorakılığının və sosial mediada formalaşan qeyri-real gözəllik standartlarının nəticəsi ola bilər.

Qulaq-burun-boğaz xəstəlikləri və üz plastik cərrahiyyəsi üzrə türkiyəli mütəxəssis Yasin Kulaksızın sözlərinə görə, həmyaşıd zorakılığı səbəbindən estetik əməliyyatlara müraciət edən uşaqların sayında artım müşahidə olunur. Onun fikrincə, xüsusilə sosial şəbəkələrdə ünsiyyətin genişlənməsi insanların qarşı tərəfə üz-üzə deyə bilməyəcəyi sözləri daha asan ifadə etməsinə şərait yaradır: "Burada əsas məsələ uşağın həqiqətən öz görünüşündən narazı olub-olmaması deyil. Daha vacib sual bu narazılığın necə yarandığıdır. Əgər uşaq burnunun formasını sinif yoldaşlarının istehzalarına görə, sosial mediada gördüyü insanların görünüşünü özünə nümunə götürür və ya müəyyən qrupa uyğunlaşmaq istəyir deyə dəyişmək istəyirsə o zaman estetik əməliyyat problemi kökdən həll etməyə bilər."
Mütəxəssis belə hallarda uşağın fiziki görünüşündə real problemin olub-olmadığının müəyyənləşdirilməsini vacib sayır. Çünki bəzən əməliyyat üçün müraciət edən uşağın əslində hər hansı ciddi fiziki problemi olmur. Onun istəyi müəyyən trendə uyğunlaşmaq, populyar görünüşə sahib olmaq və ya aid olduğu mühit tərəfindən qəbul edilmək ehtiyacından qaynaqlana bilər. Yasin Kulaksız belə hallarda uşağın əməliyyat olunmamasını və başqa istiqamətə yönləndirilməsini tövsiyə edir. O, hətta "Barbi" kimi burun istəyən uşaqlarla qarşılaşdıqlarını bildirir. Bu məqam göstərir ki, uşağın estetik əməliyyatla bağlı istəyini yalnız “Öz bədənidir, özü qərar verməlidir” yanaşması ilə qiymətləndirmək kifayət deyil. Uşağın qərarının arxasında hansı motivin dayandığı da araşdırılmalıdır.
Sosial media “ideal” görünüşü reallıq kimi təqdim edir
Problemin digər tərəfi isə sosial medianın yaratdığı görünüş standartlarıdır. Filtrlər vasitəsilə dərinin qüsursuz, burnun kiçik və üz cizgilərinin daha simmetrik göstərilməsi uşağın real görünüşü ilə ekrandakı obraz arasında fərq yaratmağa başlayır. Uşaq bu fərqi təbii qəbul etdikdə isə öz görünüşünü qüsurlu hesab edə bilər. Halbuki sosial mediada gördüyümüz görüntü çox vaxt real insan görünüşünü əks etdirmir. Foto və videoların müxtəlif filtrlər, redaktə proqramları və digər tətbiqlərlə dəyişdirilməsi mümkündür. Buna baxmayaraq, yeniyetmə həmin görüntünü öz görünüşü üçün meyar kimi qəbul edə bilər. Beləliklə, əvvəlcə sadəcə bir filtrdən ibarət olan görüntü zamanla uşağın gözündə normallaşa, öz təbii görünüşü isə qüsura çevrilə bilər.
Əməliyyat zorakılığın səbəbini aradan qaldırmır
Həmyaşıd zorakılığı zamanı estetik əməliyyatı çıxış yolu kimi görmək isə daha ciddi sual yaradır: Uşaq görünüşünü dəyişdikdən sonra zorakılıq dayanacaqmı? Mütəxəssis bunun zəmanətli olmadığını bildirir. Çünki zorakılığın hədəfi bir xüsusiyyətdən digərinə keçə bilər: "Bir uşağın burnu ilə bağlı lağ edilirsə və o, əməliyyat keçirirsə, növbəti mərhələdə qulaqları, çəkisi, dərisi və ya başqa bir xüsusiyyəti hədəfə çevrilə bilər. Bu baxımdan problemin yalnız uşağın görünüşündə axtarılması yanlış istiqamət yaradır. Əsas məsələ uşağın niyə zorakılığa məruz qalması və həmin davranışın qarşısının necə alınmasıdır. Bu prosesdə ailənin davranışı da xüsusi əhəmiyyət daşıyır. Valideynlərdən biri uşağın istəyini heç bir tərəddüd etmədən dəstəkləyə, digəri isə tamamilə əks mövqe tutaraq onun narahatlığını əhəmiyyətsiz saya bilər. Hər iki yanaşma problem yarada bilər.
Fiziki problem varsa...
Uşağın burnunu bəyənmədiyini deməsi ilə dərhal ailənin əməliyyat etdirmək fikri ilə razılaşması onun öz görünüşü ilə bağlı narahatlığını daha da möhkəmləndirə bilər. Digər tərəfdən, “Sən bunu böyüdürsən” kimi yanaşmalar uşağın yaşadığı psixoloji təzyiqi görməzdən gəlmək deməkdir. Ən doğru yanaşma isə uşağın şikayətini dinləmək, problemin mənbəyini müəyyənləşdirmək və vəziyyəti obyektiv qiymətləndirməkdir. Fiziki problem varsa, bunun mütəxəssis tərəfindən müəyyənləşdirilməsi, zərurət yarandıqda isə psixoloqun prosesə cəlb olunması daha məqsədəuyğundur. Çünki uşağın estetik əməliyyat olunmaq istəyi bəzən onun görünüşünü dəyişməkdən daha çox, özünü qəbul etdirmək arzusunun ifadəsi ola bilər. Məhz buna görə uşaqların estetik müdaxilələrə yönəlməsi məsələsinə yalnız tibbi prosedur kimi baxmaq düzgün deyil. Burada məktəb mühiti, həmyaşıd münasibətləri, sosial media, ailənin yanaşması və uşağın psixoloji vəziyyəti bir-biri ilə əlaqəlidir. Əgər problem həmyaşıd zorakılığıdırsa, onun həlli uşağın üz cizgilərini dəyişdirmək yox, zorakılığın özünü aradan qaldırmaqdan başlamalıdır.
Şahnigar Əhmədova, "İki sahil"