12 sentyabr 2026 19:19
81

Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir

Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcərdə ikinci Bal Festivalında çıxışı zamanı deyib. Nazir bildirib ki, son illərdə arıçılığın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti bu sahənin genişlənməsinə mühüm imkanlar yaradıb. Qeyd olunub ki, 2018–2023-cü illərdə hər arı ailəsinə görə subsidiyanın ödənilməsi arıçıların fəaliyyətinə əlavə stimul verib. Eyni zamanda, arıçılıqda istifadə olunan avadanlıq və texnikaların güzəşt tətbiq ediləcək texnikalar siyahısına daxil edilməsi istehsalçıların texniki imkanlarının yaxşılaşdırılmasına şərait yaradıb.

Məcnun Məmmədov deyib ki, əsas məqsəd arıçılıq məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, Azərbaycan balının həm ölkə daxilində, həm də dünya bazarlarında mövqeyini gücləndirməkdir. “İnanıram ki, dövlət dəstəyi, arıçılarımızın zəhməti və bu sahədə çalışan bütün tərəflərin birgə səyləri nəticəsində Azərbaycan balı yaxın illərdə həm ölkə daxilində, həm də dünya bazarlarında layiqli mövqeyini daha da möhkəmləndirəcək”, – deyə nazir vurğulayıb.