Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
“İki sahil” xəbər verir ki, DTX-dən verilən məlumata görə, saziş Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinin Ciansu əyalətinin Lianyunqan şəhərinə baş tutan səfəri çərçivəsində imzalanıb.
Çinin İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib.
Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə "Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı" adlı yekun sənəd qəbul edilib.
Forum çərçivəsində DTX rəisi general-polkovnik Əli Nağıyev Çinin Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb.
General-polkovnik Əli Nağıyev dəvətə görə minnətdarlığını bildirib, Tibetdə baş vermiş və Çinlə yanaşı, digər ölkələrin vətəndaşlarının da həlak olması ilə nəticələnmiş fəlakətlə əlaqədar dost Çin xalqına və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib. O, Azərbaycan xalqının bu ağır itkilərlə bağlı Çin xalqının kədərini bölüşdüyünü və zərərçəkənlərlə həmrəy olduğunu vurğulayıb.
Görüşdə dünyada təhlükəsizliklə bağlı mövcud vəziyyət və müasir təhdidlərin xarakteri ətrafında fikir mübadiləsi aparılıb, iki qurum arasında münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, ayrı-ayrı regionlarda hərbi münaqişələrin davam etdiyi və qlobal iqtisadiyyat üçün əlavə risklərin yarandığı bir dövrdə artan təhdidlərə qarşılıqlı etimad və hörmət, eləcə də operativ informasiya mübadiləsi əsasında birgə mübarizənin vacibliyi qeyd olunub. Azərbaycan ilə Çin arasında münasibətlərin strateji xarakter daşıdığı, suverenliyə hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.
Tərəflər dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verilməsi, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və telekommunikasiya sistemlərindən istifadə edilməklə törədilən dələduzluq hallarına qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə hüquq mühafizə və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.
Görüşün sonunda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Özbəkistan müftisi dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib
İranın Baş prokuroru humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkür edib