15 sentyabr 2026 10:00
109

15 sentyabr 1918-ci il: Tariximizə qızıl hərflərlə yazılan xilas günü

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 108 il ötür

1918-ci il sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə yenicə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi.

1918-ci il iyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə imzalanmış müqaviləyə əsasən, Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Özünün çox ağır vəziyyətinə rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. 1918-ci il mayın 9-da Təbrizə, on gün sonra isə Araz çayına çatan Nuru Paşa mayın 25-də Gəncəyə gəldi.

Sentyabrın 15-də Türkiyə qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi. Sentyabrın 15-i saat 15:00-dan sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsi ilə bağlı hərbi nazir Ənvər Paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru Paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular qrupu komandanı Xəlil Paşaya göndərdiyi teleqramda deyirdi: “Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm”. Ənvər Paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru Paşaya yazırdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.

 Bakının düşmən işğalından azad olunması münasibətilə sentyabrın 16-da türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və yerli azərbaycanlı sakinlər iştirak edirdilər. 

1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi.Yalnız Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra, 1999-cu ildə Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Azərbaycan xalqı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun tarximizə qızıl hərflərlə yazılan bu qəhrəmanlığını heç vaxt unutmur, şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Prezident İlham Əliyev 2018-ci il sentyabrın 15-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı nitqində bildirmişdi: “Yüz il bundan əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır”.

Allah ruhlarını şad, məkanlarını cənnət etsin!

Zahid Rza, “İki sahil”