08 sentyabr 2026 13:18
74

Proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə keçirik - Məcnun Məmmədov

Azərbaycan üçün rəqəmsal transformasiya yeni gündəm deyil. Uzun illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dövlət idarəçiliyinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına ardıcıl şəkildə investisiyalar yatıraraq müasir rəqəmsal dövlətin qurulması üçün güclü institusional və texnoloji əsaslar yaradıb. Bu gün biz transformasiyanın yeni mərhələsinə qədəm qoyuruq. Bu mərhələdə süni intellekt və məlumatlara əsaslanan həllər dövlət xidmətlərinin keyfiyyətini daha da yaxşılaşdıra və daha əsaslandırılmış və səmərəli qərarların qəbulunu dəstəkləyə bilər. Bu baxış 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında öz əksini tapıb. Strategiya süni intellektin inkişafının sürətləndirilməsi və məsuliyyətli tətbiqi üçün milli çərçivə müəyyən edir.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Rəqəmsal transformasiya və süni intellekt: iqlimə davamlı kənd təsərrüfatının formalaşdırılması” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, kənd təsərrüfatı həmin transformasiyanın mühüm hissəsidir: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə biz artıq kənd təsərrüfatı xidmətləri və dövlət dəstəyi üçün güclü rəqəmsal baza yaratmışıq. Bu gün isə növbəti addımı atırıq: proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə keçirik.

Hazırda Aqrar Süni İntellekt Təşəbbüsümüz kənd təsərrüfatı sektorunda 30-dan çox potensial süni intellekt tətbiqini əhatə edir. Bunlara əkinlərin vəziyyətinin monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarmanın idarə edilməsi, torpaqların xəritələşdirilməsi, əkinlərin verifikasiyası, fermerlərin qiymətləndirilməsi, örüş və sürülərin idarə edilməsi daxildir. Burada xüsusilə vacib məqam bu həllərin əsasını təşkil edən məlumatların müxtəlifliyidir. Daha dəqiq və vaxtında kənd təsərrüfatı qərarlarının qəbulunu dəstəkləmək üçün peyklər və məsafədən zondlama, dronlar, iqlim stansiyaları, sahə müşahidələri, torpaq analizləri, sensorlar və kənd təsərrüfatı texnikalarından əldə olunan məlumatları bir araya gətiririk.

Məsələn, əkinlərin vəziyyətinin monitorinqi üzrə həllərimiz xəstəlik və zərərvericilərlə bağlı risklər barədə 72 saat əvvəldən erkən xəbərdarlıq etmək üçün nəzərdə tutulub. Suvarmanın idarə edilməsində süni intellekt əsaslı həllər su tələbatını və suvarma proseslərini real vaxt rejimində qiymətləndirməyə kömək edə, bununla da ən qiymətli təbii ehtiyatlarımızdan biri olan sudan daha səmərəli istifadəyə töhfə verə bilər".