Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov: “Məqsədimiz Azərbaycan futbolunda daha sağlam rəqabət və davamlı inkişaf üçün möhkəm sistem formalaşdırmaqdır”
Futbol yalnız meydanda qazanılan nəticələrdən ibarət deyil. Müasir dövrdə bu idman növünün inkişafı yarışların düzgün təşkili, klubların dayanıqlılığı, infrastrukturun yenilənməsi, texnologiyaların tətbiqi, azarkeş marağının qorunması və beynəlxalq təcrübənin milli futbol mühitinə inteqrasiyası ilə sıx bağlıdır. Azərbaycanda peşəkar futbolun əsas yarışlarını təşkil edən Peşəkar Futbol Liqası da bu prosesin mühüm həlqələrindən biri kimi qarşıya qoyulan yeni çağırışlara uyğun fəaliyyətini davam etdirir.
Son illərdə ölkə futbolunda rəqabət mühitinin genişlənməsi, liqalararası keçid imkanlarının qorunması, regionlarda futbol infrastrukturunun inkişafı və klubların daha sistemli fəaliyyət göstərməsi istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur. Bu proses həm peşəkar futbolun əhatə dairəsinin genişlənməsinə, həm də yeni klubların yarışlara marağının artmasına şərait yaradır. Eyni zamanda, futbol təsərrüfatında idarəetmə standartlarının yüksəldilməsi və müasir texnologiyalardan daha səmərəli istifadə edilməsi qarşıdakı dövr üçün əsas məsələlər sırasında yer alır.
Bəs Azərbaycan futbolunun inkişafında PFL-in mövqeyi və məsuliyyəti nədən ibarətdir? Klubların maliyyə dayanıqlığının təmin olunması, rəqabətli mühitin qorunması, stadionların oyunlara hazırlıq səviyyəsinin yüksəldilməsi, VAR və digər texnoloji imkanların tətbiqi, gənc futbolçuların inkişafı, azarkeşlərlə kommunikasiyanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində hansı addımlar atılır?
Bu və digər məsələlərlə bağlı “İki Sahil”in suallarını Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov cavablandırır.

- PFL-in ölkə futbolunun ümumi inkişaf strategiyasında rolunu necə qiymətləndirirsiniz və bu strategiyanın uzunmüddətli hədəfləri nələrdir?
- Bildiyimiz kimi, Peşəkar Futbol Liqası ölkəmizdə peşəkar futbol yarışlarının keçirilməsinə cavabdeh qurumdur və Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, I Liqa, II Liqa və Əvəzedicilər Liqası yarışları PFL tərəfindən həyata keçirilir. PFL-in gördüyü əsas işlərdən biri bu çempionatların dayanıqlı, şəffaf və yüksək rəqabət şəraitində təşkilini təmin etməklə Azərbaycan futbolunun ümumi inkişafına töhfə verməkdir. PFL olaraq liqalarımızı yalnız efirlərdə görünən kimi sadə idman yarışı olaraq deyil, klubların inkişafı, stadionların infrastrukturlarının çempionatlara uyğunlaşdırılması, azarkeş mədəniyyətinin formalaşdığı vahid bir sistem kimi qiymətləndiririk.
Uzunmüddətli perspektivdə əsas hədəflərimizdən biri çempionatların idarəetmə və təşkilati standartlarını daha da yüksəltmək, klubların dayanıqlılığını artırmaq, stadion infrastrukturlarının inkişafına töhfə vermək, texnoloji imkanlardan yayım sahəsində daha geniş istifadə etməkdir.
- Klubların maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində PFL tərəfindən hansı sistemli mexanizmlər tətbiq olunur və bu mexanizmlərin effektivliyi necə ölçülür?
- Klubların maliyyə dayanıqlılığı müasir futbolun əsas məsələlərindən biridir. PFL bu istiqamətdə klubların maliyyə fəaliyyətinə nəzarəti və müvafiq qaydalara riayət olunmasını vacib hesab edir. Bu baxımdan, legioner rüsumlarından AFFA İcraiyyə Komitəsinin qərarı ilə müəyyən hissənin klublara ödənilməsini qeyd edə bilərik. Bu mexanizm mövsüm ərzində PFL tərəfindən hesablanır və klublara ödənilir ki, bu da klubların maliyyə imkanlarının artmasına töhfə verir. Eyni zamanda, liqadan düşən klub və ya klublar 1-ci Liqada oynayarkən daha geniş maliyyə imkanlarına malik olurlar, yerli oyunçulara önəm verən klublar sanki avrokuboklara qatılmış kimi ödəniş əldə edirlər.
Effektivlik klubların maliyyə öhdəliklərini futbolçular qarşısında vaxtında yerinə yetirməsi, borc risklərinin azalması, lisenziyalaşdırma və digər tələblərə davamlı uyğunluq kimi göstəricilər əsasında qiymətləndirilə bilər.

- Liqada rəqabət balansının qorunması və çempionatın idman baxımından ədalətli keçməsi üçün hansı tənzimləyici addımlar atılır?
- Çempionatın ədalətli və şəffaf keçirilməsi PFL-in fundamental prinsiplərindəndir. Bunun üçün yarışların Əsasnaməyə uyğun təşkili, klubların müəyyən edilmiş tələblərə riayət etməsinin monitorinqi, hakimlik fəaliyyətinin aidiyyəti qurumlarla koordinasiyası həyata keçirilir. Düşünürük ki, bu balans yalnız klubların nəticələri ilə ölçülmür. Burada bütün iştirakçılar üçün bərabər şəraitin yaradılması, qərarların şəffaf şəkildə qəbul edilməsi və çempionatın idman prinsiplərinin qorunması əsasdır. 4 il öncə 2-ci Liqada sonuncu pillələrdə qərarlaşan komanda bu gün Premyer Liqada çıxış edir və həmin klub tərəfindən akademiya da yaradılıb. Artıq 1-ci Liqaya düşən komandalar yenidən Premyer Liqaya qayıtmağa güc tapa bilirlər. Bütün Liqalar arasında enmə-qalxma prinsipləri tam olaraq qorunur. Bu da klub yaratmaq və yarışlara qoşulmaq istəyini xeyli artırıb. Bununla bağlı çoxlu müraciətlər alırıq.
- Stadion infrastrukturu və oyun şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində PFL-in prioritetləri hansılardır?
- Stadion futbol matçının keçirildiyi məkan olmaqla yanaşı, azarkeş təcrübəsinin də yaşandığı əsas hissədir. Bu baxımdan təhlükəsizlik məsələləri, meydançanın vəziyyəti, işıqlandırma, media üçün yaradılan şərait, azarkeşlərin rahatlığı və əlçatanlıq əsas prioritetlər sırasındadır.
PFL klublarla əməkdaşlıq çərçivəsində mövcud çatışmazlıqların müəyyənləşdirilməsinə və onların mərhələli şəkildə aradan qaldırılmasına önəm verir. Məqsəd həm futbolçular, həm hakimlər, həm media nümayəndələri, həm də azarkeşlər üçün daha keyfiyyətli oyun mühiti formalaşdırmaqdır.
Ötən illə müqayisədə hazırda infrastrukturun qismən yaxşılaşdığı göz qabağındadır. Gəncə şəhər stadionuna “Kəpəz”in qayıdışını buna misal göstərə bilərik. Bundan əlavə 1-ci Liqa klubunun da burada oynaması sevindirici haldır. Eyni zamanda, Xankəndi stadionunu da qeyd etməliyik. yaxın gələcəkdə 1-ci Liqanın 2 klubunun buradan istifadəsi nəzərdə tutulur.
- VAR sistemi və digər texnoloji yeniliklərin tətbiqi liqanın keyfiyyətinə və hakimlik prosesinə hansı təsirləri göstərib?
- VAR texnologiyasının tətbiqi Azərbaycan futbolunda hakimlik prosesinin inkişafı baxımından mühüm mərhələlərdən biridir. Əsas məqsəd hakimlərin qəbul etdiyi qərarların daha dəqiq olmasına və qərar verilməsinə çətinlik yaranan epizodlarda ciddi səhvlərin minimuma endirilməsinə şərait yaratmaqdır. Nəzərə almaq lazımdır ki, texnologiyanın tətbiqi hakimlərin məsuliyyətini azaltmır. Əksinə, VAR-dan düzgün və protokola uyğun istifadə etmək üçün hakimlərin hazırlığının və peşəkarlığının daim artırılmasını tələb edir. PFL üçün texnologiya əsas məqsəd deyil, daha ədalətli futbola xidmət edən vasitədir.
- Gənc futbolçuların inkişafı və yerli kadr potensialının artırılması üçün PFL klublarla necə koordinasiyalı şəkildə işləyir?
- Yerli futbolçuların inkişafı Azərbaycan futbolunun uzunmüddətli perspektivi baxımından xüsusi əhəmiyyət daşıyır. PFL öz səlahiyyətləri çərçivəsində klubların aşağı yaş qruplarından əsas komandalara qədər futbolçu inkişaf zəncirinin formalaşdırılmasını və yerli oyunçular üçün rəqabət mühitinin yaradılmasını dəstəkləyir.
- Azarkeş mədəniyyətinin inkişafı və stadionlara marağın artırılması istiqamətində PFL hansı kommunikasiya və marketinq siyasətini həyata keçirir?
- Müasir futbolun əsas iştirakçılarından biri azarkeşdir. Oyunların dolu tribunlar önündə baş tutması çempionatın kommersiya və media dəyərinə də birbaşa təsir göstərir. Bu səbəbdən PFL klublarla birlikdə azarkeşlərlə kommunikasiya, rəqəmsal platformalarda kontent istehsalı və çempionatın daha geniş auditoriyaya təqdim olunması istiqamətində iş aparır. Bu yöndə PFL-in yutub yayımlarını xüsusi qeyd etməliyik. Çempionatların bütün matçları canlı yayımlanır və bu da futbola marağın artmasında özünəməxsus rol oynayır. Eləcə də, Azərbaycan Kubokunun final oyunundan öncə azarkeşlər üçün keçirilən interaktiv oyunlar, əyləncəli anları qeyd edə bilərik.
Bizim üçün məqsəd azarkeşi yalnız oyuna gələn şəxs kimi deyil, ümumi futbol sisteminin aktiv iştirakçısı kimi görməkdir.
-PFL-in beynəlxalq futbol qurumları ilə əməkdaşlığı liqanın standartlarının yüksəlməsinə və təcrübə mübadiləsinə necə töhfə verir?
- Beynəlxalq əməkdaşlıq PFL-in inkişaf strategiyasının mühüm komponentlərindən biridir. UEFA, Avropa Peşəkar Futbol Liqaları, Dünya Futbol Liqaları Assosiasiyası kimi beynəlxalq futbol qurumları və müxtəlif ölkələrin liqa təşkilatları ilə əlaqələr vasitəsilə idarəetmə, yarışların təşkili, texnologiya, marketinq, azarkeşlərlə iş və digər istiqamətlərdə qabaqcıl təcrübələrin öyrənilməsi mümkündür.
Bu əməkdaşlıqların əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan futbolunda tətbiq olunan yanaşmaları beynəlxalq təcrübə ilə müqayisə etmək və inkişaf etdirilməli sahələri daha dəqiq müəyyənləşdirmək imkanı yaranır. Cari ildə PFL-in Dünya Futbol Liqalarına üzv qəbul olunması da beynəlxalq arenaya çıxmaq cəhətdən növbəti addımlardan biridir.
“Johan Cruyff” institutu ilə əməkdaşlığı xüsusi qeyd etməliyik. Bu, qabaqcıl təcrübənin öyrənilməsi üçün vacibdir. Həmçinin, biz Azərbaycan futbolunun digər nümayəndələri üçün də bu qabaqcıl akademiyada təhsil almaq yolunda körpü ola bilərik. Bununla bağlı müraciətlər də var.
Yaqut Aslanova, “İki sahil”
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB