18 sentyabr 2026 22:18
110

“Zəfərlə ucalan Azərbaycan və suverenlikdən doğan güc”

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Günü münasibətilə “Zəfərlə ucalan Azərbaycan və suverenlikdən doğan güc” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, geniş rayon ictimaiyyəti, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Suverenliyi Gününə həsr olunmuş videofilm nümayiş olunub.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, şəhid Cavid Manafovun anası Natəvan İbrahimova, Vətən müharibəsi qəhrəmanı polkovnik- leytenant Zaur Hüseynov və rayon gəncləri adından Azərbaycan Universitetinin tələbəsi Adəm Quliyev konfransda çıxış ediblər. Qeyd olunub ki, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini ölkənin bütün ərazisində, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə tam bərpa etdi. Üçrəngli Bayrağımız bütün suveren torpaqlarımızda dalğalandı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə ölkəmizin çoxəsrlik tarixində tamamilə yeni, keyfiyyətcə fərqli bir mərhələyə qədəm qoydu, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaradıldı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin milli maraqlarına əsaslanan müdrik siyasəti sayəsində Azərbaycan bütün kənar təzyiqləri dəf edərək öz hüquqlarını beynəlxalq müstəvidə qorudu, qlobal miqyasda ədalətin, beynəlxalq hüququn aliliyinin müdafiəçisi kimi çıxış etdi. Azərbaycan xalqı bu gün öz tarixində ən qürurlu dövrünü yaşayır. Cənubi Qafqazın lider dövləti və əsas söz sahibi olan ölkəmiz daha güclü, təhlükəsiz və rifah içində yaşayacaq yeni Azərbaycan naminə sülh siyasətini çox uğurla davam etdirir.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi Zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına qazanılmış ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur.