18 sentyabr 2026 22:44
87

BDU-da Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, BDU-dan bildirilib ki, tədbiri açan rektor Elçin Babayev insan ömrünün 80 illik zirvəsinin yalnız yaşın ifadəsi olmadığını, bunun keçilmiş həyat yoluna, görülmüş işlərə, yetişdirilmiş tələbələrə, elmə və cəmiyyətə verilmiş töhfələrə nəzər salmaq üçün əlamətdar bir fürsət olduğunu qeyd edib: “Səidə xanımın taleyi uzun illərdir ki, Bakı Dövlət Universiteti ilə sıx bağlıdır. O, 1973-cü ildə BDU-nun Tarix fakültəsini bitirib. Tələbəlik illərində Səidə xanım Aslan Atakişiyev, Yusif Səfərov, Əli Əliyev, Səidə İmanzadə, Ruhulla Orucov, Məmmədəli Hüseynov kimi tanınmış alim və müəllimlərdən dərs alıb, onların zəngin elmi və pedaqoji təcrübəsindən bəhrələnib. Onun bakalavriat və magistratura səviyyələrində tədris etdiyi mənbəşünaslıq, tarix elminin metodologiyası, tarixşünaslıq və tarixin tədrisi ilə bağlı fənlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səidə xanımın elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini Azərbaycan ictimai-siyasi fikir tarixinin, xüsusilə görkəmli mütəfəkkir Əhməd bəy Ağaoğlunun zəngin irsinin araşdırılması təşkil edir. Onun çoxsaylı elmi məqalələri, kitabları, tədris və elmi-metodik əsərləri tarix elmimizə xidmət edən uzunmüddətli və ardıcıl fəaliyyətin nəticəsidir. Əhməd bəy Ağaoğlu ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti, milli mətbuat, mənbəşünaslıq və tarixşünaslığın müxtəlif problemləri də Səidə xanımın tədqiqatlarında mühüm yer tutur”.

Sonra rektor Elçin Babayev tərəfindən Səidə Əli qızı uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, universitetin ictimai həyatında fəal iştirakına görə və yubileyi münasibətilə fəxri fərmanla təltif olunub.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov Səidə Əli qızının Azərbaycan tarixşünaslığında özünəməxsus elmi məktəb formalaşdıran alimlərdən biri olduğunu vurğulayıb. O, yubilyarın uzun illər ərzində mənbələrə və tarixi faktlara əsaslanan araşdırmaları ilə tarix elminin müxtəlif istiqamətlərinin inkişafına verdiyi töhfələrdən danışıb. Daha sonra Anar İsgəndərov yubilyara elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə verilən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını və Elm və təhsil komitəsi adından fəxri fərmanı təqdim edib. Milli Məclis sədrinin müavini, BDU-nun professoru Fəzail İbrahimli Səidə Əli qızının yalnız elmi əsərləri ilə deyil, tələbə və gənc tədqiqatçıların formalaşmasına verdiyi töhfələrlə də seçildiyini diqqətə çatdırıb, onun tarixə, elmə və müəllimlik peşəsinə sədaqətini xüsusi vurğulayıb. Digər çıxış edənlər də Səidə Əli qızının geniş elmi fəaliyyəti və mənbəşünaslıq elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açaraq yubilyarı təbrik ediblər.

Tədbir çərçivəsində Səidə Əli qızının "Azərbaycan tarixinin mənbəşünaslığı" adlı tələbələr üçün dərs vəsaitinin də təqdimatı keçirilib.

Səidə Əli qızı göstərilən diqqətə və universitetin ənənəsinə çevrilən bu cür tədbirlərə görə təşəkkürünü bildirib, bundan sonrakı fəaliyyətini də elmin inkişafına həsr edəcəyini deyib.