19 sentyabr 2026 11:32
173

Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur

 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur. Bu gün – xalqımızın uzun müddət davam edən mübarizəsinin, 30 illik işğalın sona çatmasının təntənəsidir. Dövlət suverenliyi hər bir xalqın azadlıq iradəsinin, tarixi mübarizəsinin və gələcək inkişafının əsasıdır. Bu günün təsis edilməsi Azərbaycanın 1991-ci ildən bu günə kimi keçdiyi çətin və şərəfli yolun məntiqi yekunudur. Bu tarix həm 2020-ci ildəki böyük Qələbənin, həm də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin kulminasiya nöqtəsini simvolizə edir. Eyni zamanda XXI əsrdə Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsini və suverenlik ideyasının tam reallaşmasını əks etdirir. Prezident İlham Əliyevin də dediyi kimi: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi dövlətimizin  və ordumuzun  gücünü, xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistanın yeni təxribatlarına cavab olaraq başlayan hərbi əməliyyatlar nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. 44 günlük müharibədən sonra da Ermənistan və separatçı qüvvələr sülh prosesinə mane olur, silah-sursat daşınmasını davam etdirirdilər.

        Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən  önəmli addım idi.

         Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına  başlaması və qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi. Qüdrətli ordumuz, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində tarixi ədalət zəfər çaldı. Bu qələbə Azərbaycanın regiondakı mövqeyini daha da möhkəmləndirdi, yeni siyasi reallıq yaratdı və sülhə aparan yolda əsaslı zəmin qurdu, ölkəmizin konstitusiya quruluşu bərpa olundu və dövlətin hüquqi-inzibati nəzarəti bütün ərazilərdə bərqərar edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən bu qələbə sayəsində  artıq üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.  Bu gün azad edilmiş torpaqlarımızda "Böyük Qayıdış" proqramı uğurla həyata keçirilir. Genişmiqyaslı tikinti, abadlıq işləri aparılır, doğma yurdlarına qayıdan soydaşlarımız həyata yenidən başlayırlar. Bu, bizim gücümüzün və iqtisadi-siyasi qüdrətimizin göstəricisidir.

          Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Ərazi bütövlüyümüzün təmin olunması, sərhədlərimizin toxunulmazlığı ölkədə sabitlik və iqtisadi yüksəlişin əsas təminatıdır.       Bu gün qürur hissi ilə deyirik ki, 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi oldu. Müzəffər Sərkərdənin rəhbərliyi ilə Azərbaycan artıq Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın aparıcı qüvvəsinə çevrilib. Ölkəmizin ədalətli mövqeyi beynəlxalq aləmdə qəbul olunur, nüfuzumuz isə gündən-günə artırır. Qazandığımız qələbə ilə əldə etdiyimiz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi Azərbaycanın gələcəyini daha da əzəmətli və görkəmli edəcək.

Bu gün hər bir azərbaycanlı qürurla deyir ki, qüdrətli Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi əbədi və dönməzdir. 

                                                             

    Gülxarə Tarverdiyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı