19 sentyabr 2026 16:15
81

ETİHİ Respublika Komitəsi “Momentum Award” mükafatına layiq görülüb

"Baku ID 2026" festivalı çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi “Push30” tərəfindən təqdim olunan “Momentum Award” mükafatına layiq görülüb.

“İki sahil” xəbər verir ki, mükafat “Push 30” ekosistemindən istifadə edən əməkdaşların əhatə dairəsinin son bir il ərzində ən sürətli artımına görə təqdim olunub. Mükafatı ETİHİ adından Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev qəbul edib.

Festival çərçivəsində startap ekosisteminin nümayəndələri, texnologiya və biznes şirkətləri, dövlət qurumları, eləcə də innovasiya sahəsində fəaliyyət göstərən digər qurum və təşkilatlar bir araya gəliblər.

Qeyd edək ki, ETİHİ Respublika Komitəsi ilə “Push30” arasında əməkdaşlıq 2025-ci ilin sentyabrında başlayıb. Əməkdaşlıq çərçivəsində ötən bir il ərzində 1500-dən çox ittifaq üzvü “Push 30” ekosisteminə çıxış əldə edib. Ümumi istifadə sayı 29 mini ötüb, istifadəçilər 394 müxtəlif idman və aktivlik mərkəzindən yararlanıblar.

Əməkdaşlıq çərçivəsində təhsil işçilərinin və tələbələrin fiziki aktivliyə cəlb olunmasına da diqqət yetirilib. Son beş həftə ərzində təşkil olunan 12 məşqdə 2000-dən çox ittifaq üzvü iştirak edib. Məşqlər yoga, zumba, pilates və digər fiziki aktivlikləri əhatə edib.

Əməkdaşlıq “Sağlam təhsil işçisi, sağlam gələcək” ideyası əsasında həyata keçirilir. Layihənin məqsədi təhsil sahəsində çalışanlar üçün fiziki aktivliyi əlçatan etmək və müntəzəm idmanla məşğul olmaq vərdişinin formalaşmasına dəstək göstərməkdir.