24 sentyabr 2026 21:16
73

Dağ-mədən və metallurgiya sənayesində inkişafın yeni mərhələsi

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin sənaye siyasətində mühüm addımlardan biridir.

Dövlət başçısı çıxışı zamanı vurğuladı ki,  qəbul edilmiş proqramlar qısamüddətlidir, 2030-cu ilin sonuna qədər icra edilməlidir. Düzdür, su proqramı daha böyük vaxt tələb edir. Amma dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir. Qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Eyni zamanda Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib.

Cənab Prezident bildirdi ki, təbii ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir. Son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı, sənaye, infrastruktur və digər sahələri əhatə edən dövlət proqramları ölkənin iqtisadi inkişafının yeni mərhələsinə zəmin yaradır. Bu siyasətin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artım qeydə alınıb. Bu göstərici iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafının getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu siyasətin mühüm istiqamətlərindən biridir.

Ölkə başçısı vurğuladı ki, Azərbaycanın dağ-mədən sənayesinin inkişafı baxımından işğaldan azad edilmiş ərazilər xüsusi potensiala malikdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi qarşıdakı dövrün əsas istiqamətlərindən olacaq. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən yataqların müasir texnologiyalar əsasında araşdırılması və istismara hazırlanması nəzərdə tutulur. Artıq Ağdərədə bu istiqamətdə işlərə başlanılıb. Qarşıdakı mərhələdə Kəlbəcər və Zəngilanda da müvafiq layihələrin həyata keçirilməsi planlaşdırılır.

Dağ-mədən sənayesinin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər Azərbaycanın digər regionlarını, o cümlədən Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Prezident İlham Əliyev çıxışında Naxçıvanda geoloji kəşfiyyat işlərinin aparılmasının vacibliyini xüsusi qeyd edib. Bildirib ki, sovet dövründə və sonrakı illərdə Naxçıvan ərazisində geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Müasir texnologiyaların tətbiqi isə regionun mineral-xammal potensialının daha dəqiq müəyyənləşdirilməsinə yeni imkanlar yaradır. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin gələn ildən başlanmasının nəzərdə tutulması regionun gələcək sənaye inkişafı baxımından əhəmiyyətli hadisədir. Yeni yataqların aşkar olunması və onların iqtisadi baxımdan qiymətləndirilməsi Naxçıvanın sənaye potensialının genişləndirilməsinə imkan yarada bilər.

Dövlət başçısı çıxışında bildirdi ki, biz işimizi iki istiqamət üzrə qururuq. Birincisi, dövlət xətti ilə. “AzerGold” şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Prezident qeyd etdi ki, “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını formalaşdıran mühüm sənədlərdən biri kimi qiymətləndirilir. Proqramın 2027–2030-cu illərdə icrası nəticəsində yeni sənaye müəssisələrinin yaradılması, minlərlə iş yerinin açılması, regionların iqtisadi potensialının artırılması, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun genişləndirilməsi, ixrac imkanlarının artırılması və dövlət büdcəsinə əlavə gəlirlərin təmin olunması nəzərdə tutulur.

Azərbaycanın sənaye strukturunda qeyri-neft sektorunun payının artırılması, yerli xammal bazasından daha səmərəli istifadə edilməsi, iqtisadiyyatın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından mühüm istiqamətlərdən biri kimi qiymətləndirilə bilər.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri