25 sentyabr 2026 11:04
89

Avropa İttifaqı miqrasiya paktını sərtləşdirməyi planlaşdırır

Avropa İttifaqı ölkələrinin hökumətləri 2026-cı ilin iyununda qüvvəyə minmiş miqrasiya və sığınacaq paktına yenidən baxmağı və onu sərtləşdirməyi planlaşdırırlar.

“İki sahil” xəbər verir ki, bu barədə Euractiv portalı sənədə istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 26-da Münhendə Aİ üzvləri və Böyük Britaniya daxil olmaqla 18 ölkənin daxili işlər nazirləri miqrasiya siyasətinin potensial sərtləşdirilməsini müzakirə etmək üçün bir araya gələcəklər. Euractiv-in sərəncamına keçmiş sənədə əsasən, gündəliyin əsas bəndi Avropa Komissiyasına 2027-ci ilin ortalarınadək miqrasiya qanunvericiliyinin bir sıra müddəalarını "sadələşdirmək" üçün tədbirlər paketi təqdim etmək çağırışı olacaq.

Belə ki, portalın məlumatına görə, sığınacaq ərizələrinə baxılması prosedurlarının sadələşdirilməsi planlaşdırılır ki, bu da daha sürətli imtinalar və deportasiyalar nəzərdə tutduğu üçün proseduru sərtləşdirəcək. Görüşdə həmçinin xüsusi hallarda – xüsusilə ağır cinayətlər törətmiş şəxslər üçün miqrantların müdafiə statusunun ləğvinin sadələşdirilməsi və hüquqpozanların növbəti deportasiyası məsələsi də müzakirə olunacaq.

Nazirlər, o cümlədən sığınacaq verilməsi prosedurlarında şifahi tərcümə zamanı süni intellektdən (Sİ) istifadə üçün hüquqi bazanın yaradılması məsələsini nəzərdən keçirəcəklər. Yoxlamalar zamanı toplanmış məlumatların daxil edilməsi məqsədilə Aİ-nin Eurodac miqrasiya məlumat bazasının genişləndirilməsi məsələsinə də baxılacaq. Bu, birlik ölkələrinin hakimiyyət orqanlarına Avropa İttifaqı ərazisinə daxil olan miqrantlar haqqında daha dolğun məlumat əldə etməyə imkan verərdi.