24 sentyabr 2026 18:14
358

Ağdamda Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi anılıb

Ağdam rayonunda Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin xatirəsi anılıb. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” Abidə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Milli Qəhrəmana həsr olunan sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Milli Qəhrəman Fazil Mehdiyevin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə və Milli qəhrəmanların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açıblar.

Məlumat verilib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü başlayanda Fazil Mehdiyev Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna qoşulub. 1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak edib. Qaradağlı kəndində ayağından yaralanıb. Yarası hələ tam sağalmamış, yenidən döyüş yoldaşlarının yanına qayıdıb. 1991-ci ilin avqust ayında F.Mehdiyev ermənilərin "Niva" markalı maşınını ələ keçirərək Ağdam Rayon Polis Şöbəsinə təhvil verib.

1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə ermənilərin Abdal-Gülablı kəndinə hücumu zamanı Fazil Mehdiyev kəndin müdafiəçilərinə kömək etmək üçün yola çıxıb. Ağbulaq kəndi yaxınlığında düşmənin pusqusuna düşərək qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə Mehdiyev Fazil Umud oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

O, Ağdam rayonunun "Qarağacı" qəbiristanlığında dəfn edilib. Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.

Milli Qəhrəmanın qardaşı Azər Mehdiyev çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.