Müəllimin bilik və bacarığı da, nitqi də, geyimi də, ictimai yerdə davranışı da, şagirdlərinə sevgisi, valideynlərə empatiyası da, gözütoxluğu da, fədakarlığı da nümunə kimi şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir edən amillərdir
Qarşıdan 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü gəlir. Bu əlamətdar gün münasibətilə müəllim əməyinin cəmiyyətdəki rolu, ana dilimizin və ədəbiyyatımızın gənc nəslə aşılanması, müasir texnologiyaların təhsil prosesinə təsiri və müəllim qarşısında dayanan yeni çağırışlar barədə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Ellazov Fazil Cavad oğlu ilə söhbət etdik.
Fazil müəllim uzun illərdir pedaqoji fəaliyyətlə yanaşı, elmi və publisistik istiqamətdə də səmərəli fəaliyyət göstərir. Müxtəlif mövzularda mətbuatda və elmi nəşrlərdə yazıları dərc olunub, onlarla kitabın redaktoru olub. İki dərsliyin və çoxsaylı dərs vəsaitlərinin həmmüəllifidir, DİM-in fəal ekspertlərindən biri kimi fəaliyyət göstərib. Əməyi müxtəlif səviyyələrdə qiymətləndirilib, “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adına layiq görülüb. “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biridir. Sertifikasiya imtahanında da yüksək nəticə göstərib.
Lakin bütün bu nailiyyətlərdən daha üstün tutduğu bir ad var – müəllim. Özünü hər şeydən əvvəl ailəsini, şagirdlərini, insanları, Vətənini, xalqını və ana dilini sevən sadə insan və praktik müəllim kimi təqdim edən Fazil müəllim üçün pedaqoji fəaliyyət yalnız peşə deyil, həm də böyük mənəvi məsuliyyətdir.
– Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Müəllimlik yolunu seçməyinizdə Azərbaycan dili və ədəbiyyatına olan sevginin hansı rolu olub və bu peşə illər ərzində dünyagörüşünüzü necə dəyişib?
– Bu peşəni seçməyimin iki səbəbini göstərə bilərəm. Birincisi, oxuduğum bədii əsərlərdir. Həmin əsərlərdə sözlərimizin məna çalarları, rəngarəng ifadə tərzləri, dilin təbiətlə, təbii hadisələrlə ahəngi məni valeh edib. İkincisi isə orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimim Mirzə Əliyevin gözəgörünməz təsiridir. O, mənə heç vaxt bu haqda heç nə deməyib, sadəcə dərsini keçib. Ancaq elə keçib ki, ovsunlanmışam. Bir də ayılmışam ki, mən də bu sahəyə vurulmuşam.
Təvazökarlıqdan uzaq olsa da, özüm haqqında çox sözlər deyə bilərəm. Müntəzəm olaraq mətbuatda və elmi nəşrlərdə müxtəlif mövzularda yazılarla çıxış etmişəm. Onlarla kitabın redaktoru olmuşam. İki dərsliyin, çox sayda dərs vəsaitlərinin həmmüəllifi, DİM-in fəal ekspertlərindən biri kimi fəaliyyət göstərmişəm. Zəhmətim məktəb müdiriyyətindən tutmuş möhtərəm Prezidentimizə qədər müxtəlif səviyyələrdə qiymətləndirilib. “Tərəqqi” medalına, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindənəm. Sertifikasiya imtahanında nəticəm yüksək olub – 57+40.
Nailiyyətlərin siyahısını xeyli uzada bilərəm. Ancaq bunların hamısından yüksəkdə bir ad dayanır. Mən hər şeydən əvvəl özümü ailəsini, şagirdlərini, bütün insanları, Vətənini, xalqını, dilini sevən sadə insan, praktik müəllim kimi görürəm. Belə də qəbul edilməyimi daha üstün tuturam.
– Azərbaycan dili yalnız bir fənn deyil, milli kimliyimizin və yaddaşımızın əsas dayaqlarından biridir. Sizcə, bu gün gənc nəslə ana dilinin dəyərini aşılamağın ən təsirli yolu nədir?
– İstənilən fənnin, o cümlədən Azərbaycan dili fənninin tədrisinin məqsədlərindən biri elmin əsaslarına yiyələnmək, növbəti təhsil pilləsinə hazırlıqdır. Əsas məqsəd isə müasir dövrlə ayaqlaşa bilən, qloballaşan dünyanın tez-tez dəyişən tələblərinə uyğunlaşmağı bacaran insan yetişdirməkdir.
Təbii ki, milli kimliyimizi, tariximizi, bütün dövrlərə örnək ola bilən ənənələrimizi unutmayan, onları yaşadan bir şəxsiyyət də yetirməliyik. Bu sahədə Azərbaycan dili, eləcə də ona ruhca yaxın ədəbiyyat, tarix, musiqi kimi fənlərin rolu danılmazdır.
Dilimizin dəyərinin gənc nəslə aşılanmasının önəmli yollarından ən başlıcası dilimizdəki sözlərin, onların məna çalarlarının, istənilən anlayışın bu dildə onlarla ifadə vasitəsinin olduğunu aşılamaq və nümunə göstərməkdir. Xudu Məmmədovun bir deyimi var: “Uşaqlarınıza Vətəni sevməyi öyrətməyin. Onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Bunu dilimizə də tətbiq edə bilsək, gənc nəsil sevəcək. Onu da qeyd edim ki, son illərdə bu istiqamətə xüsusi önəm verilir.
– Rəqəmsal texnologiyaların və sosial medianın həyatımıza bu qədər nüfuz etdiyi bir dövrdə şagirdlərin mütaliəyə, xüsusilə klassik və bədii ədəbiyyata marağını necə qorumaq olar?
– Rəqəmsal texnologiyaların və sosial medianın həyatımıza təsiri bundan sonra daha da artacaq. Bundan qaçmaq mümkün deyil. Buradakı informasiya bolluğu, sürətlilik, fərqli düşüncəyə malik insanların hamısı üçün cəzbedici görünən audio-video materiallar, nəinki oxucu kimi istifadə etmək, həm də yazar kimi iştirak etmək, vaxt azlığı və s. kimi amillər müasir dünyanın dəyişmiş təfəkkür tərzinə, estetik meyarına uyğun kimi görünməyən əsərlərin oxunmasını arxa plana atır.
Bu şəraitdə klassik və bədii ədəbiyyata marağın qorunması haqqında birmənalı şəkildə hazır resept vermək mümkün deyil. Üsul və vasitələr çoxdur. Hər birindən müəyyən formada yararlanmaq lazımdır. Məsələn, oxu müsabiqələri, vaxtaşırı söz adamları və qələm sahibləri ilə görüşlər keçirmək, təklif edilən əsəri oxuyan və münasibət bildirən oxucunu mükafatlandırmaq, sosial mediada müntəzəm olaraq ən yaxşı bədii əsərləri paylaşmaq və s. kimi tədbirlər kömək ola bilər. Həm də bu iş kampaniya xarakterli yox, müntəzəm və sistemli aparılmalıdır.
– Son illər şagirdlərin yazılı və şifahi nitqində söz ehtiyatının məhdudlaşması, yad sözlərdən və sosial şəbəkə üslubundan geniş istifadə kimi məsələlər diqqət çəkir. Sizcə, bu problemin əsas səbəbləri nələrdir və məktəb burada hansı rolu oynaya bilər?
– Bayaq qeyd etdiyim kimi, sosial medianın həyatımıza, o cümlədən nitqimizə, təfəkkürümüzə, estetik zövqümüzə təsirindən qaçmaq mümkün deyil. Ona qadağa qoya bilmərik. Ancaq axarı yönləndirə, qismən öz məcramıza yönəldə bilərik.
Məktəb bu işdə müəyyən rol oynasa da, yeganə çıxış yolu deyil. Buna cəmiyyət də cavabdehdir. Şagirdin nitqi, söz bazası təkcə məktəbdə öyrəndikləri ilə yox, ailədə, ünsiyyətdə olduğu kollektivdə formalaşır.
– Ədəbiyyat dərsinin əsas məqsədi yalnız əsərin məzmununu və müəllifini öyrətmək deyil, həm də düşünən, hiss edən və mövqeyi olan şəxsiyyət yetişdirməkdir. Siz dərslərinizdə şagirdin əsərlə şəxsi düşüncəsi arasında əlaqəni necə qurursunuz?
– Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, fənnin tədrisində müvafiq dövlət qurumlarının müəyyən etdiyi proqram, standart və təlim nəticələri mövcuddur. İlk növbədə onlar yerinə yetirilməlidir. Təbii ki, onların da əsas məqsədi insan formalaşdırmaqdır.
Peşəkar müəllim təkcə direktivlərlə, yuxarıların göstərişlərinə kor-koranə əməl etməklə kifayətlənmir, özünün üslubunu da müəyyən edir. Ədəbiyyat dərslərində əsərin mövzu və ideyasından, obrazların davranışından və s. asılı olaraq yaradıcı yanaşmalar sərgiləyir.
Məsələn, mənim sevdiyim üsullardan biri obrazları təhlil edərkən şagirdin ona ittihamçı və müdafiəçi kimi yanaşmasıdır. H.Cavidin “Ana” əsərində Orxan və Murad əslində cinayətkardırlar. Şagird də bunu belə qəbul edir və əsərdən gətirilən nümunələrlə fikrini əsaslandırır. Bu, ittiham edən tərəfin mövqeyidir. Ancaq mən təklif edirəm ki, özünü vəkil kimi təsəvvür et. Vəzifən ittiham olunanları müdafiə etməkdir. Qarşı tərəfin ittihamlarını diqqətlə dinlə, əks arqumentlər gətir və müdafiə etdiyinə münasibəti dəyişməyə çalış.
Bu prosesdə məqsədimiz şərə bəraət qazandırmaq deyil, şagirdin məntiqini, mühakimə və nitq qabiliyyətini inkişaf etdirməkdir. Əlbəttə, onlarla başqa vasitə və üsul da tətbiq etmək mümkündür.
– Müasir şagird əvvəlki nəsillərdən fərqli olaraq böyük informasiya axını içərisində böyüyür. Belə bir şəraitdə müəllim üçün ən böyük çağırış nədir: bilik vermək, diqqəti cəmləmək, yoxsa şagirdə doğru məlumatı seçməyi öyrətmək?
– Müəllimin şagirdə hazır biliklər vermə dövrü artıq tarixə qovuşub. Müasir texnologiyalar nəticəsində istənilən informasiyanı, eləcə də müəllimin, dərsliyin verə biləcəyi biliyi onlarsız da almaq adi bir şeydir. Hətta bir çox şagirdlər bəzi müəllimlərdən də geniş məlumata malik ola bilərlər və olanlar da vardır.
Müəllimin əsas vəzifəsi müasir təlimdə də deyildiyi kimi fasilitator – yönləndirici, əlaqələndirici, istiqamətləndirici olmaqdır. Şagirdə hansı məlumatın vacibliyini anlatmaq, öyrəndiyi informasiyanı təkmilləşdirmək, lazımi məcraya yönləndirmək və biliyin, informasiyanın həyati bacarıqlara çevrilməsinə nail olmaqdır.
– Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi, Füzuli, Xaqani, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və digər böyük simaları bu günün gəncinə hansı mesajları verə bilər?
– Ədəbiyyat yarandığı dövrün tarixi ilə bilavasitə bağlı olur. Yazıçı daha çox dövrünün, mühitinin səviyyəsinə, tələblərinə uyğun əsərlər yazır. Bunların əksəriyyəti öz zəmanəsinə görə aktual və faydalı olsa da, dəyişən növbəti mərhələlər üçün unudulur. Qədimdə də yazanlar çox olub. Əksəriyyətinin əsərləri sonrakı mərhələlərin tələbinə, zövqünə cavab vermədiyindən sıradan çıxıb.
Əzəli və əbədi olan elə mövzular var ki, şairlərin, demək olar ki, hamısı ona müraciət edir. Ancaq həmin mövzunu kim necə işləyir, öz ruhunu əsərə, əsərin ruhunu oxucuya necə hopdurur? Niyyəti, arzuları nə dərəcədə səmimidir? Bunlar əsasdır.
İnsan və onun bu dünyada yeri, xalqın taleyi, M.Cəlil demişkən, “Vətən... Vətən... Vətən... Millət... Millət... Millət... Dil... Dil... Dil...” bu əbədi mövzulardandır. Sadaladığınız klassiklər də bu mesajları yüksək sənətkarlıqla bizə ötürürlər ki, gənclərimiz kim olduğumuzu, haradan gəlib, hara getdiyimizi, müasir dünyada yerimizin harada olduğunu və harada olmalı olduğumuzu unutmasınlar.
– Müəllimlik yalnız dərs demək deyil, həm də şəxsiyyət formalaşdırmaq məsuliyyətidir. Sizcə, yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimini yalnız peşəkar bilikləri ilə deyil, hansı mənəvi və insani keyfiyyətləri ilə fərqləndirmək olar?
– Əvvəlcə də qeyd etdiyimiz kimi, dərs demək, şagirdə bilik vermək müəllimin hüquqi vəzifəsidir. İxtisasını əla bilmək onun borcudur. Filosoflar deyirlər ki, ən yaxşı tərbiyə nümunədir.
Şagird müşahidə edir ki, müəlliminin, xüsusilə ədəb təlim edən ədəbiyyat müəlliminin sinifdə əsəri təhlil edərkən, obrazı səciyyələndirərkən təbliğ etdiyi xüsusiyyətlərə özü real həyatda əməl edirmi? Geyimi, danışığı, ətraf aləmə, insanlara münasibətində nümunə ola bilirmi? Danışığı ilə əməli uzlaşırmı?
Bunlar üst-üstə düşəndə, müəllimin nitqində dilimizin min illərdən gələn sehri, ahəngi hiss ediləndə şagird ona oxşamağa çalışacaq.
– Süni intellekt və müasir texnologiyalar təhsil prosesinə sürətlə daxil olur. Sizcə, bu yeniliklər Azərbaycan dili və ədəbiyyatının tədrisində müəllimin imkanlarını genişləndirir, yoxsa şagirdin müstəqil düşünməsi və yazı bacarığı baxımından yeni suallar yaradır?
– İstənilən yenilik düzgün məqsədlə istifadə etdikdə fayda verir. Süni intellekt və müasir texnologiyaların həyatımızın bütün sahələrində olduğu kimi, təhsil prosesinə də daxil olmasının nəticəsi ondan hansı məqsədlə, hansı şəkildə, hansı səviyyədə istifadə etməyimizdən asılı olacaq.
Həm müəllim, həm də şagird üçün informasiyanın sürətli əldə edilməsi, istənilən mövzuya aid əyanilik, müxtəlif səpkili izahlar imkanları genişlənir. İlk baxışdan düşünülə bilər ki, şagird istənilən materialı sosial mediadan alacaqsa, müəllimə ehtiyac ya azalacaq, ya da yox olacaq. Əslində isə müəllim şagirdə təkcə informasiya vermir, məlumat almaqda kömək etmir. Həm də əldə edilən məlumatların sistemləşdirilməsi, analizi, təhlili, tənqidi yanaşması, ən vacib qərarın qəbulu kimi bacarıqların aşılanmasına vasitəçi olur. Buna çalışılsa, nəticə uğurlu olacaq.
– Müəllimlər Günü ərəfəsində həmkarlarınıza və şagirdlərinizə hansı mesajı vermək istərdiniz? Sizcə, cəmiyyətin müəllimə münasibətində qorunmalı olan ən mühüm dəyər nədir və gələcəyin müəllimini hansı keyfiyyətlər səciyyələndirməlidir?
– Azərbaycanda müəllim həmişə diqqət mərkəzində olub. Hörmət əlaməti kimi başqa sənət sahiblərinə də bu adla müraciət ediblər. Özü də bu diqqət sıravi vətəndaşlardan tutmuş dövlət səviyyəsinə qədər göstərilir. Ulu Öndər müəllimə yüksək qiymət verdiyi kimi, möhtərəm Prezidentimiz də onu davam etdirir. Təhsil işçiləri müxtəlif səviyyələrdə mükafatlandırılır.
Cəmiyyət müəllimi bütün yaxşı işlərin etalonu kimi görür. Həmkarlarım onlardan umulan bu keyfiyyətləri unutmamalı, cəmiyyətin onlara olan inamını saxlamalıdırlar. Müəllimin bilik və bacarığı da, nitqi də, geyimi də, ictimai yerdə davranışı da, şagirdlərinə sevgisi, valideynlərə empatiyası da, gözütoxluğu da, fədakarlığı da nümunə kimi şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir edən amillərdir.
Şagirdlərimə də bildirmək istərdim ki, son vaxtlar müəllimə, məktəbə qismən soyuq münasibət keçicidir. Qoy onlar dahilərin müəllimə, məktəbə verdiyi qiyməti unutmasınlar, özləri də elə münasibət göstərsinlər.
Fazil müəllim, Azərbaycan dili və ədəbiyyatının tədrisi, müəllimlik peşəsinin məsuliyyəti, müasir təhsil mühitində qarşıya çıxan çağırışlar və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşması ilə bağlı dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün Sizə təşəkkür edirik. Səmimi cavablarınız bir daha göstərdi ki, müəllimlik yalnız bilik öyrətmək deyil, həm də şagirdin dünyagörüşünün, düşüncə tərzinin, mənəvi keyfiyyətlərinin və şəxsiyyətinin formalaşmasına xidmət edən böyük və məsuliyyətli bir missiyadır.
Sizi qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli müəllimlik fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Arzu edirik ki, illər ərzində yetişdirdiyiniz şagirdlərin uğurları, qazandığınız hörmət və onların qəlbində qoyduğunuz xoş iz Sizin üçün ən böyük mənəvi mükafat olaraq daim yolunuzu işıqlandırsın.
Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji, pedaqoji fəaliyyətinizdə yeni nailiyyətlər, elmi və yaradıcılıq fəaliyyətinizdə uğurlar diləyirik. Azərbaycan dilinin və ədəbiyyatımızın zənginliyini, sözün gücünü və mütaliə sevgisini gələcək nəsillərə aşılamaq istiqamətində fəaliyyətinizin bundan sonra da uğurla davam etməsini arzulayırıq. Qoy hər yeni dərsiniz şagirdləriniz üçün yeni bir düşüncə qapısı açsın, hər uğurları Sizə müəllim kimi qürur yaşatsın.
Bir daha təşəkkür edir, Sizə və bütün həmkarlarınıza peşə fəaliyyətinizdə möhkəm inam, böyük səbir, uğurlu nəticələr və hər zaman şagird sevgisi arzulayırıq. Bayramınız mübarək olsun, Fazil müəllim!