25 sentyabr 2026 20:25
109

Bakıda “Birgə rənglənən tarix” adlı sərgi açılıb

Türk dünyasının ortaq mədəni irsinə həsr olunmuş “Birgə Rənglənən Tarix” adlı rəssamların qrup sərgisinin açılış mərasimi keçirilib.

“D’Art Gallery”də açılan sərgi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “ArtCoLab” Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə ərsəyə gəlib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Layihə rəhbəri, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədr müavini və “ArtCoLab” Yaradıcılıq Mərkəzinin rəhbəri Çinarə Allahyarlı, həmçinin sərginin bədii rəhbəri, “ArtCoLab” Yaradıcılıq Mərkəzinin müəllimi Ülkər Məmmədli sərgiyə hazırlıq və yaradıcılıq prosesi barədə məlumat veriblər.

Mərasimdə Milli Məclisin deputatları Ceyhun Məmmədov və İlham Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva, eləcə də “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış ediblər.

Təltifetmə mərasimində rəssamlara iştirak sertifikatları təqdim olunub. Sərginin ərsəyə gəlməsində əməyi olan şəxslər isə təşəkkürnamələrlə təltif ediliblər.

Hazırlıqları bir ildən çox davam edən sərgidə 15 rəssamın 26 əsəri təqdim olunub. Kətan üzərində yağlı boya ilə işlənmiş əsərlər xüsusi çərçivələrdə, nəfis tərtibatla nümayiş etdirilib. Əsərlərdə Türk dünyasını birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər müxtəlif yaradıcı yanaşmalarla əks etdirilib. Layihənin əsas məqsədi Türk dünyasının ortaq mədəni irsinin təsviri sənət vasitəsilə tanıdılması, rəssamların yaradıcılığının geniş auditoriyaya təqdim edilməsi və mədəni əlaqələrin möhkəmləndirilməsidir.

Sərgi sentyabrın 25-dək ziyarətçilər üçün açıqdır.