26 sentyabr 2026 18:26
109

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş V minifutbol turnirinin açılış mərasimi keçirilib

“İki sahil” xəbər verir ki, Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr edilən və noyabrın 15-dək həvəskar komandalar arasında davam edəcək ənənəvi minifutbol turnirinin açılış mərasimi Bakı Tennis Akademiyasının stadionunda təşkil olunub. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra açılış mərasimində çıxış edən tədbirin təşkilatçısı, jurnalist Əsgər İbrahimov, Ardanış kənd icmasının sədri Məhəmməd Kərimov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aqşin Fərəcov, Binəqədi rayonu Məmmədəmin Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Qərbi Azərbaycan üzrə futbol çempionatının qalibi “Loru” komandasının rəhbəri Vüqar Hacıyev, tanınmış müəllim Sahib Əhmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, eləcə də veteran futbolçular Maşallah Əhmədov və Asif Əliyev belə tədbirlərin şəhidlərin adının əbədiləşdirilməsində, onların xatirəsinin yaşadılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını bildiriblər. Çıxış edənlər vurğulayıblar ki, Vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən öz peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olan jurnalistlərin xatirəsini uca tutmaq hər birimizin mənəvi borcudur.

Xatırladaq ki, şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir Ardanış Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azfar Groupun dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, ATV, Xəzər TV, CBC Sport, ATV, AnewZ telekanallarının, AZƏRTAC, APA Sport, Gəncəvi Media agentliklərinin, Baku Media United (BAKU.WS) portalının informasiya dəstəyi, “Mister Tum” və “Bee Tours”un tərəfdaşlığı ilə keçirilir.

Bu il xatirə turnirinin 5 illiyi ilə əlaqədar mübarizəyə 16 komanda qoşulub – “AzTv-Qalaktikos”, “ATV, “Xəzər TV”, “CBC Sport”, “AnewZ”, AZƏRTAC, “APA Sport”, “BAKU.WS”, MEDİA, “Gəncəvi Media”, “Zəfər 44”, “Veteranlar”, “VƏTƏN”, “Ardanış”, “Əmrxeyir” və “Qaraqoyunlu”. Medianı 10 komanda təmsil edir.

Qeyd edək ki, ilk oyunda AZƏRTAC ilə AZTV komandaları qarşılaşırlar.