02 oktyabr 2026 00:24
93

Trilyonçuların Bakı marağı…

Niyə investisiya cəlbediliciyinə görə Azərbaycan daha uyğun ölkə hesab edilir?

Ötən həftə Bakıdı keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 3 000-dən çox iştirakçı qeydiyyatdan keçib. 70 ölkədən 803 xarici nümayəndə Bakıya gəlmişdi. Bununla yanaşı, Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əsas iştirakçı siyahısında 48 müxtəlif qurum və investisiya platformasını təmsil edən 100-ə yaxın nümayəndə yer almışdı. Təbii ki, bu tədbirin beynəlxalq əhəmiyyəti yalnız kəmiyyətdə deyildi, onun keyfiyyətində idi. Belə ki, burada iştirak edən şirkətlərin bəziləri on tirilyonlarla maliyyə  vəsaitlərinin  idarəedilməsində  əsas söz sahibləridir.  Siyahıda ilk sırada dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan «BlackRock» gəlir. Şirkətin 2026-cı il iyunun 30-na idarə etdiyi aktivlərin həcmi 15,3 trilyon ABŞ dollarına çatıb. Bu, nəinki Azərbaycanın, hətta MDB ölkələrinin  illik iqtisadi məhsulundan  böyükdür.

Şirkətin investisiya fəaliyyəti ənənəvi səhm və istiqrazlarla məhdudlaşmır; özəl bazarlar, daşınmaz əmlak, kredit və infrastruktur da onun fəaliyyət istiqamətləri sırasındadır. «BlackRock»un tərkibinə daxil olan «Global Infrastructure Partners» (GIP) isə enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və digər strateji sahələrdə iri layihələrə sərmayə yatıran qlobal investor kimi çıxış edir. Bu baxımdan GIP-in təsisçisi və rəhbəri Adebayo Oqunlesinin Forum çərçivəsində Bakıdakı tədbirdə olması  o deməkdir ki, artıq şirkətin ölkəmizə investisiya marağı yaranıb. Hətta artıq Axərbaycan Respublikası Dövlət N eft Fondu  (ARDNF) ilə «BlackRock» və GIP arasında üç-dörd il ərzində GIP-in idarə etdiyi infrastruktur fondlarına və birgə investisiya imkanlarına 1,5 milyard ABŞ dollarınadək vəsait yatırılması imkanının nəzərdən keçirilməsinə dair niyyət protokolu imzalanıb. Tərəflər Azərbaycanda data mərkəzləri, süni intellekt infrastrukturu və hava limanı infrastrukturu üzrə investisiya imkanlarını da araşdırırlar.

Bundan başqa, qeyd etmək olar ki,  Bakıda təmsil olunan kapitalın miqyası bununla bitmir. Dünyanın ən qədim maliyyə institutlarından biri olan BNY 2,2 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir, eyni zamanda 62,6 trilyon dollarlıq aktivə kastodial xidmət göstərir və ya onların idarə edilməsini həyata keçirir. Qlobal aktiv idarəetmə bazarının digər iri oyunçularından PGIM-in idarə etdiyi aktivlərin həcmi isə təxminən 1,5 trilyon dollardır.

Həmçinin tədbirdə yalnız özəl kapital deyil, uzunmüddətli investisiya strategiyaları ilə seçilən dünyanın iri institusional investorları – suveren və pensiya fondları da təmsil olunur. ADIA, Sinqapurun «Temasek»  fondu, «Türkiye Wealth Fund», «Hassana Investment Company», «Mumtalakat» və digər dövlət investisiya institutlarının iştirakı Forumda təmsil olunan kapitalın təkcə həcmini deyil, xarakterini də göstərir. Bu fondların bir çoxu dünyanın iri nəqliyyat qovşaqlarının, enerji sistemlərinin, data mərkəzlərinin, su infrastrukturlarının və bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi və idarə olunmasında uzun illər ərzində formalaşmış təcrübəyə malikdir.

Təbii ki, burada maraqlı və haqlı sual yaranır: niyə investisiya cəlb ediliciyinə görə Azərbacan daha uyğun ölkə hesab edilir? Ona görə ki, Azərbaycanın beynəlxalq investorlar üçün əhəmiyyətini artıran amillərdən biri  ölkənin regional iqtisadi əlaqələr sistemində dəyişən roludur. Yəni, qlobal təchizat zəncirlərinin yenidən qurulduğu, şirkətlərin istehsal və logistika marşrutlarını şaxələndirdiyi bir dövrdə Şərq-Qərb və Şimal-Cənub yollarının kəsişməsində yerləşən Azərbaycan artıq yüklərin keçdiyi ən sərfəli coğrafi məkandır. Bu dəyişimin mərkəzində Orta Dəhliz dayanır. Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən bu marşrut Azərbaycanın son illərdə nəqliyyat və logistika infrastrukturuna yatırdığı investisiyalarla yeni imkanlar qazanır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının inkişafı Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, istehsal, logistika və emal layihələri üçün yeni iqtisadi baza yaradır. Bu infrastrukturun investisiya baxımından əhəmiyyəti tranzit gəlirlərindən daha genişdir. Yollar, limanlar, dəmir yolları və enerji bağlantıları bir-birini tamamladıqca Azərbaycanın coğrafi mövqeyi tədricən iqtisadi üstünlüyə çevrilir. Investor üçün ölkənin xəritədəki yeri artıq sadəcə koordinat deyil, daha geniş bazarlara çıxış imkanı deməkdir.

Bu mənzərədə nəqliyyat dəhlizləri artıq yalnız yüklərin hərəkət trayektoriyası deyil. Onlar həm də kapitalın, istehsalın, texnologiyanın və yeni biznes modellərinin hərəkət istiqamətlərini də müəyyənləşdirir. Dəhliz boyunca yeni logistika mərkəzləri, sənaye zonaları, emal müəssisələri, enerji layihələri və rəqəmsal infrastruktur üçün imkanlar yaranır. Beləliklə, Azərbaycanın investisiya təklifi də tədricən öz sərhədlərini aşır. Xarici investor üçün ölkənin cəlbediciliyi artıq yalnız 10 milyonluq daxili bazarın imkanları ilə ölçülmür. Azərbaycanın əsas üstünlüklərindən biri onun daha böyük regional bazarlara çıxış, qlobal və regional təchizat zəncirlərinə qoşulmaq, istehsalı yaxın coğrafiyalara yaymaq və müxtəlif nəqliyyat marşrutlarını bir platformada birləşdirmək imkanındadır.

İnvestorların  diqqətini çəkən xüsüsi bir məqam isə Azərbaycan haqqında beynəlxalq iqtisadi qurumların təqdim etdikləri hesabatlardır. Belə ki, «Global Attractiveness Index 2026»da Azərbaycan 146 ölkə arasında mövqeyini dörd pillə yaxşılaşdıraraq 60-cı yerə yüksəlib. Ayrı-ayrı indikatorlarda isə dəyişiklik daha nəzərəçarpandır. Xüsusilə dövlət borcunun ÜDM-ə nisbətinin 20,1 faiz təşkil etməsi də Azərbaycanın maliyyə göstəricilərinin beynəlxalq müqayisədə diqqət çəkən tərəflərindən biridir. Bu göstərici Azərbaycanı dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı olduğu ölkələr arasında 8-ci sıraya çıxarıb. Məhz bu rəqəmlər də təkcə statistik göstəricilər deyil. Onlar investorun qərar verərkən baxdığı daha geniş mənzərənin ayrı-ayrı hissələridir: iqtisadiyyatın dəyişmə sürəti, maliyyə dayanıqlılığı, regional mövqe və gələcək artım imkanları...

Elçin Zaman, «İki sahil»