02 oktyabr 2026 10:45
95

Süni intellekt sosial müdafiənin gələcəyini necə dəyişir?

Kənan Əkpərov: Əsas məqsəd vətəndaşa daha çevik, fərdiləşdirilmiş və keyfiyyətli xidmət göstərməkdir

Rəqəmsal transformasiya həyatın bütün sahələrində olduğu kimi, sosial müdafiə sisteminin də inkişaf istiqamətlərini dəyişir. Süni intellekt (Sİ) texnologiyalarının bu sahəyə inteqrasiyası xidmətlərin daha çevik və əlçatan təşkilinə, idarəetmə proseslərinin təkmilləşdirilməsinə, böyük həcmdə məlumatların operativ təhlilinə və vətəndaşların ehtiyaclarına daha çevik cavab verilməsinə yeni imkanlar yaradır. Azərbaycanda da sosial müdafiə sahəsində rəqəmsal həllərin tətbiqi mərhələli şəkildə genişlənir və süni intellekt bu transformasiyanın mühüm istiqamətlərindən birinə çevrilir.

Bu gün qarşıda duran əsas vəzifə yalnız mövcud xidmətləri rəqəmsallaşdırmaq deyil, texnologiyanın imkanlarından istifadə etməklə daha çevik, fərdiləşdirilmiş və vətəndaş yönümlü sosial xidmət modelinin formalaşdırılmasıdır. Süni intellektin inkişafı bu baxımdan sosial müdafiə sisteminin gələcək fəaliyyətində həm vətəndaşların xidmət təcrübəsinin, həm də mütəxəssislərin işinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan verə bilər.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov “İki sahil” qəzetinə müsahibəsində sosial müdafiə sahəsində süni intellektin tətbiqinin mövcud vəziyyəti, əldə olunan nəticələr, beynəlxalq təcrübə, texnologiyadan istifadədə əsas prinsiplər və digər amillər barədə söhbət edir.

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində süni intellektin tətbiqi artıq hansı mərhələdədir? Hazırda vətəndaşın birbaşa istifadə etdiyi və ya xidmət proseslərinin arxa planda daha səmərəli idarə olunmasına imkan verən hansı süni intellekt əsaslı həllər fəaliyyət göstərir?

- Hazırda nazirlik və onun tabeliyindəki qurumlarda bir sıra süni intellekt həllindən istifadə olunur və bu proses aktiv inkişaf mərhələsindədir. Tətbiq olunan həlləri şərti olaraq iki qrupa bölmək mümkündür: vətəndaşın birbaşa qarşılaşdığı həllər və xidmət proseslərinə arxa planda dəstək verən həllər.

Birinci qrupa ən bariz nümunə “I-dost” çatbotudur. Bu həll nazirliyə və onun qurumlarına ən çox ünvanlanan müraciətlərin 7/24 rejimdə cavablandırılması üçün qurulub, 25 dekabr 2025-ci ildən tam istifadəyə verilib və artıq vətəndaşlarla kommunikasiyanın əsas kanallarından birinə çevrilib.

İkinci qrupa mütəxəssislərin işini dəstəkləyən həllər daxildir. Buna nümunə, əlilliyin təyinatı prosesində Sİ modellərindən köməkçi alət kimi istifadədir. Bundan əlavə, nazirlikdə ümumilikdə 8 Sİ layihəsi üzərində iş aparılır ki, bu da tətbiqin bir-iki ayrıca layihə ilə məhdudlaşmadığını, sistemli yanaşma çərçivəsində inkişaf etdiyini göstərir.

- Süni intellektin sosial xidmətlərə inteqrasiyası istiqamətində indiyədək hansı konkret işlər görülüb vəbu layihələrin tətbiqindən əldə olunan ilk nəticələrnədən ibarətdir? Xüsusilə hansı xidmət və proseslərdə süni intellektin real faydası müşahidə olunur?

Süni intellektin sosial xidmətlərə inteqrasiyasında hədəf ikiistiqamətlidir: bir tərəfdən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, digər tərəfdən xidmət proseslərini daha səmərəli təşkil etmək. İndiyədək vətəndaş müraciətlərinin avtomatlaşdırılmış qaydada cavablandırılması, məlumatların sürətli emalı və müəyyən proseslərdə qərarvermə mərhələsinə analitik dəstək kimi konkret addımlar atılıb.

Hazırkı ilkin mərhələdə süni intellekt daha çox köməkçialət statusundadır. Bunun bir nümunəsi “I-dost” çatbotu, digəri isə əlilliyin təyinatı prosesidir. Nazirliyin daxili monitorinq məlumatlarına görə, 1 sentyabr 2026-cı il tarixinə olan vəziyyətə əsasən Sİ bu istiqamətdə 20 mindən çox forma üzrə ekspert qiymətləndirməsinə dəstək göstərib. Modelin nəticəsi ekspertin yekun rəyi ilə tutuşdurulub: nəticələrin 70 faizdən çoxu tam dəqiq (Sİ-nintəklifi ekspert rəyi ilə tam üst-üstə düşüb) qiymətləndirilib və modelin optimallaşdırılması davam edir.

Bu göstəricilər yalnız statistik rəqəm deyil, onlar Sİ-nin mütəxəssislərin işini real şəkildə dəstəkləyən, məlumatların daha operativ təhlilinə imkan verən alət olduğunu ortaya qoyur. Əsas məqsəd insan iştirakını aradan qaldırmaq deyil, mütəxəssisin qərarvermə imkanlarını gücləndirməkdir. Son söz hər zaman mütəxəssisin rəyi əsasında formalaşır.

- Süni intellektin tətbiqindən gözləntilərdən biri xidmətlərin daha operativ və əlçatan olmasıdır. Bu texnologiyalar Nazirliyin xidmətlərində müraciətlərin emal müddətinə, vətəndaşın lazımi xidmətə yönləndirilməsinə və ümumilikdə xidmətə çıxışın asanlaşmasına necə təsir göstərir?

- Süni intellektin tətbiqi vətəndaşın xidmətə çıxışını sadələşdirmək və ona lazım olan məlumatı daha qısamüddətdə çatdırmaq baxımından əhəmiyyətli imkanlar yaradır. Bunun ən konkret göstəricisi “I-dost” vasitəsilə müraciətlərə gözləmə müddəti olmadan cavab verilməsidir.

Rəqəmlər də bunu təsdiqləyir ki, çatbotun tam istifadəyə verildiyi 25 dekabr 2025-ci il tarixindən 1 sentyabr 2026-cı il tarixinədək 477 mindən çox çat sessiyası çərçivəsində734 minə yaxın sual cavablandırılıb. Bu, həllin vətəndaşlarla real kommunikasiyada nə dərəcədə geniş istifadə olunduğunu göstərir. Bununla yanaşı, süni intellekt müraciətin məzmununu daha dəqiq təhlil etməyə və vətəndaşı məhz ehtiyacına uyğun məlumat və ya xidmət istiqamətinə yönləndirməyə imkan verir. Nəticədə vətəndaşın vaxtına qənaət edilir, əməkdaşların təkrarlanan müraciətlərdən yaranan iş yüküisə azalır. Yəni, texnologiya həm vətəndaş, həm dəəməkdaş üçün eyni anda fayda verir.

- Xidmətlərin göstəricilərindən biri vətəndaş məmnunluğudur. Süni intellekt əsaslı xidmətlərin tətbiqindən sonra vətəndaşların xidmət təcrübəsində hansı dəyişikliklər müşahidə olunur və bu texnologiyaların məmnunluq səviyyəsinə təsirini ölçmək üçün ayrıca qiymətləndirmə mexanizmləritətbiq edilirmi?

- Sİ əsaslı həllərin tətbiqindəki hədəflərdən biri vətəndaş üçün daha rahat və əlçatan xidmət təcrübəsi formalaşdırmaqdır. “I-dost”da hər dialoq başa çatdıqdan sonra vətəndaşa aldığı cavabı qiymətləndirmək imkanı verilir, yəni proses özündə əks-əlaqə mexanizmini daşıyır.

Bu qiymətləndirmələr yalnız formal statistika toplamaq üçün deyil, vətəndaş məmnunluğunun ölçülməsi vəxidmətin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün istifadə olunur. Yəni, əks-əlaqə birbaşa inkişaf prosesinə təsir edir.

Gələcək mərhələdə həmin göstəricilərin daha sistemli təhlili nəzərdə tutulub. Məqsəd Sİ həllərinin effektivliyini vəvətəndaş məmnunluğuna təsirini ölçülə bilən formada qiymətləndirmək, göstəricilərin zaman ərzində necə dəyişdiyini izləməkdir.

- Sosial sahədə süni intellektin tətbiqi yalnız texnolojiməsələ deyil, həm də beynəlxalq təcrübənin öyrənilməsini tələb edir. DOST Agentliyinin bu istiqamətdə hansı ölkələrin, beynəlxalq təşkilatların və qabaqcıl qurumların təcrübəsi ilə əməkdaşlığı var vəhəmin təcrübələrdən hansı yanaşmaların Azərbaycanda tətbiqi nəzərdən keçirilir?

- Etiraf etmək lazımdır ki, süni intellekt hazırda İT sahəsinin ən aktual istiqaməti olsa da, məhz sosial müdafiə sahəsində genişmiqyaslı və unikal tətbiq nümunələri hələ kifayət qədər deyil. Buna baxmayaraq, bir sıra ölkələrin — o cümlədən Portuqaliya, Braziliya, Çin və digərlərinin — təcrübəsi ətraflı araşdırılıb.

Araşdırma göstərir ki, bu sahədə ən geniş yayılmış tətbiq istiqamətlərindən biri məhz çatbotlardır. Bir çox ölkədə vətəndaşlarla kommunikasiyanın təkmilləşdirilməsi üçün belə həllər üzərində fəal iş aparılır. Bu da “I-dost” təcrübəmizin qlobal tendesnsiya ilə üst-üstə düşdüyünü göstərir.

Ayrı-ayrı ölkələrin təcrübəsindən daha çox, beynəlxalq təşkilatların bu sahədə apardığı sistemli araşdırmalar və hazırladığı metodoloji yanaşmalar bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan sosial müdafiə sahəsində aparıcı beynəlxalq təşkilatlardan biri olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Assosiasiya süni intellektin sosial təminat sistemlərində tətbiqi ilə bağlı ətraflı metodoloji təlimat hazırlayıb,qabaqcıl təcrübələrin biraraya gətirildiyi TechByte layihəsi də bu sahədə mühümməlumat mənbələrindən biridir.

Bütün bu təcrübələri nəzərdən keçirərkən əsas prinsipimiz hazır modelləri olduğu kimi köçürüb tətbiq etmək deyil, onların uğurlu yanaşmalarını Azərbaycan sosial müdafiə sisteminin özünəməxsus xüsusiyyətlərinə uyğunlaşdırmaqdır.

- Süni intellektin inkişafı sosial xidmətlərin gələcək modelini də dəyişə bilər. Sizcə, yaxın illərdə vətəndaş xidmətlərində süni intellekt hansı prosesləri sadəcə avtomatlaşdırmaqdan çıxaraq vətəndaşın ehtiyaclarını əvvəlcədən müəyyənləşdirən və xidmətlərin daha fərdiləşdirilmiş şəkildə təqdim olunmasına imkanverən mexanizmə çevirə bilər?

-Düşünürəm ki, gələcəkdə süni intellektin sosial xidmətlərdəki rolu sadəcə suallara cavab verən və ya ayrı-ayrı prosesləri avtomatlaşdıran texnologiya çərçivəsində məhdudlaşmayacaq. Bu, inkişafın yalnız ilkin mərhələsidir. Növbəti mərhələdə əsas istiqamətlərdən biri proaktiv xidmət modelinə keçiddir. Buna vətəndaşın mövcud vəziyyəti, ehtiyacları və əvvəlki müraciətləri barədə məlumatlarının təhlili əsasında ona uyğun xidmətlərin özümüraciət etmədən təklif olunmasını nümunə gətirmək olar. Başqa sözlə, sistem “gözləyən” deyil, “qabaqlayan” rejimə keçməlidir.

Bu yanaşma reallaşdıqda hər bir vətəndaşın konkret həyat vəziyyətinə uyğun məlumat və dəstək təklif ediləcək, ümumi və standart yanaşma yerini fərdiləşdirilmiş məsləhətə verəcək. Bu isə həm vətəndaş məmnunluğunu artıracaq, həm də sosial müdafiə sisteminin resurslarının daha səmərəli bölüşdürülməsinə şərait yaradacaq.

- Nazirliyin süni intellektlə bağlı qarşıdakı dövr üçünkonkret plan və hədəfləri nələrdir? Növbəti mərhələdəhansı yeni Sİ həllərinin tətbiqi nəzərdə tutulur?

Növbəti mərhələdə əsas hədəfimiz süni intellektdən istifadəni ayrı-ayrı pilot həllər səviyyəsindən çıxarıb daha geniş xidmət və proseslərə inteqrasiya etməkdir. Əlavə olaraq, nazirlik və tabeliyindəki qurumlarda məlumatlara operativ çıxışın təmin olunması və rutinproseslərin avtomatlaşdırılması məqsədilə daxili Sİ həllərindən istifadənin genişləndirilməsi nəzərdə tutulur. Vətəndaşlarla daha rahat və təbii ünsiyyət qurmaq üçün səsli bot (Voice Bot) texnologiyasının tətbiqi imkanları da araşdırılır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Bölmədən digər xəbərlər