05 oktyabr 2026 11:37
114

Gəmiçilik şirkətlərinin PUA-dan mühafizə xidmətlərinə marağı kəskin artıb

Profil firmaların nümayəndələrinə istinadən "Financial Times" (FT) qəzeti yazır ki, Qırmızı və Qara dənizlərdə, eləcə də Fars körfəzində baş verən hücumlar fonunda gəmiçilik şirkətləri arasında gəmilərin pilotsuz uçuş aparatlarından mühafizəsinin təmin edilməsi xidmətlərinə maraq kəskin artıb.

“İki sahil” xəbər verir ki, nəşrin məlumatına görə, neft-qaz yüklərinin daşınması ilə məşğul olan və dəniz energetika infrastrukturu yaxınlığında fəaliyyət göstərən şirkətlər "xüsusilə güclü maraq" nümayiş etdiriblər. Xüsusilə, İsrailin "D-fend Solutions" şirkətindən bildiriblər ki, gəmiçilik sektorundan "güclü tələbatla" qarşılaşıblar.

"D-fend Solutions" şirkətinin marketinq direktoru Ceffri Starr bildirib: "Biz görürük ki, gəmi sahibləri, yük göndərənlər və hərbi dəniz qüvvələri texnologiyalarımızla bağlı sorğuların əhəmiyyətli dərəcədə artmasına səbəb olan asimmetrik təhlükə ilə üzləşirlər. Pilotsuz uçuş aparatlarından gələn təhlükə artıq yalnız intensiv döyüş əməliyyatları zonaları ilə məhdudlaşmır".

"D-fend Solutions"un baş direktoru Riçard Qillin sözlərinə görө, rəqib şirkət olan "Drone Defence" neft tankerləri və qazdaşıyan gəmilərin sahiblərindən daha çox sorğu alıb, çünki əgər gəmi sahibləri öz gəmilərini qoruya bilsələr, daha riskli marşrutlar seçə bilərlər. Beynəlxalq Dəniz Təşkilatının qiymətləndirməsinə əsasən, ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Fars körfəzində dron və raket zərbələri nəticəsində 20-dən çox dənizçi həlak olub, Qara dənizdə isə cari ildə təqribən 30 nəfər ölüb.