05 oktyabr 2026 12:20
93

Tayland gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq etdi

Taylandın Puket adasında ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən 5 min hərbi qulluqçusunun istirahətə gəlməsi ilə əlaqədar adada gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilib. Adada sutka ərzində monitorinq aparmaq üçün operativ qərargah yaradılıb. Qərargahın tərkibinə hərbi dəniz qüvvələrinin, turizm və miqrasiya polisinin əməkdaşları, eləcə də yerli hakimiyyət nümayəndələri daxildir.

“İki sahil” xəbər verir ki,  "Prachachat" və "Thaipost" nəşrlərinin yerli polisə istinadla verdiyi məlumata görə, hüquq-qaydanın qorunması üçün 150 zabit cəlb olunub. Bundan əlavə, adada süni intellekt texnologiyalarından istifadə edən "Phuket Eye" videomüşahidə sistemi tətbiq edilib. Bu sistem sakinlərin və turistlərin təhlükəsizliyini poza biləcək insidentlərin qarşısını almağa kömək etməlidir.

Bu cür tədbirlər oktyabrın 9-dək qüvvədə olacaq. Həmin gün "USS George HW Bush" aviadaşıyan gəmisinin və müşayiətedici "USS Mason" gəmisinin amerikalı hərbi qulluqçuları Puketdə limana yan almağı başa çatdırmağı planlaşdırırlar.

"USS George H. W. Bush" aviadaşıyan gəmisi və "USS Delbert D. Black" esminesi oktyabrın 4-də Puketə planlı səfərlə gəliblər. Ekipaj üçün bu, yarım ildən artıq davam edən fasiləsiz səfərdən sonra limana ilk daxilolma olub. Qrup son vaxtlar Yaxın Şərqdə "Epik qəzəb" əməliyyatında və ABŞ-nin hərbi-dəniz blokadasında iştirak edib.

ABŞ-nin Taylanddakı səfirliyindən qeyd ediblər ki, ezamiyyət zamanı hərbçilər "müstəsna intizam, dözümlülük və həmrəylik" nümayiş etdiriblər. Qurumun məlumatında dəqiqləşdirilir ki, limana giriş dənizçilərə Tayland mədəniyyəti ilə tanış olmaq və yerli sakinlər haqqında daha çox məlumat əldə etmək imkanı verəcək.