07 oktyabr 2026 10:34
130

Hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir!

Dövlətimizin və xalqımızın ictimai-siyasi həyatında böyük rola malik olan Yeni Azərbaycan Partiyasının yaranması o dövrdə cərəyan edən hadisələrin yekunu, tarixi zərurət və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə iqtisadi tənəzzülün və ictimai-siyasi böhranın hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

Tarixi həqiqətlər bunu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın sevimli partiyasına çevrildi. Bunun isə başlıca bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

Bəllidir ki, YAP-ın müxtəlif illərdə baş tutan qurultayları hər dəfə ölkəmizin ictimai-siyasi mühitində yeni ab-havaya səbəb olub, yeni nəfəs gətirib. Bu mənada YAP-ın 2 oktyabr 2026-cı il tarixində baş tutan – VIII qurultayı da ölkəmizin yeni reallıqlar fonunda qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev geniş proqram xarakterli nitq söylədi. Cənab Prezident xüsusi olaraq bildirdi ki, ilk dəfə olaraq YAP qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu faktın özü ölkəmizin keçdiyi tarixi inkişaf yolunun miqyasını göstərməklə yanaşı, partiyanın siyasi fəaliyyətinin əsasları və qarşıdakı dövrün mahiyyətini ifadə edir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirilən VIII Qurultayının nümayəndəsi olmaqdan və belə ali səviyyəli mötəbər bir tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin tarixi çıxışını canlı dinləməkdən böyük şərəf və qürur duydum.

YAP Sədrinin çıxışı zamanı diqqət çəkən məqamlardan biri də, “Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq” deyə bildirib. Bu fikir özlüyündə bir daha onu təsdiq edir ki, bütün dünya azərbaycanlıları hələ çox uzun illər bu tarixi qələbənin qürurunu yaşayacaq. Qarşıdan gələn Zəfər bayramı ərəfəsində məhz bu mövzu ətafında fikirlrimi belə qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının uzunmüddətli idarəçiliyi dövründə formalaşan güclü dövlət modeli, iqtisadi müstəqillik və modern ordu quruculuğu 44 günlük müharibədə qələbəni şərtləndirən əsas təməl olmuşdur. YAP ölkənin aparıcı siyasi qüvvəsi olaraq müharibə dövründə xalqın şanlı ordu və Müzəffər Ali Baş Komandan ətrafında "Dəmir yumruq" kimi birləşməsində, cəmiyyətdə monolit birliyin və milli həmrəyliyin gücləndirilməsində fəal rol oynamışdır.

Qurultayın vacib mesajlarından biri də ondan ibarətdir ki, Azərbaycanın qazandığı Qələbə böyük tarixi nailiyyət olmaqla yanaşı, həmçinin yeni məsuliyyətlər də yaradır. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması qarşısında ölkəmizin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi və milli təhlükəsizliyin etibarlı şəkildə qorunması kimi mühüm vəzifələr dayanır.

Bütün bu vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycanın daha güclü, dayanıqlı və müstəqil dövlət kimi inkişafına xidmət edəcəkdir.

Yusif Cəfərbəyli,
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının iştirakçısı,
YAP Yasamal rayon təşkilatının fəalı