Oktyabrın 6-da Xaçmaz Rayon Tarix-diyarşünaslıq muzeyinin akt zalında Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
“İki sahil” xəbər verir ki, müşavirə iştirakçıları əvvəlcə muzeyin vestibülündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət olduğunu vurğulayıb. O, 2020-ci ildə əldə olunan Zəfərin milli qürurun və dövlət-xalq birliyinin təntənəsi olduğunu bildirib.
Emil Tağıyev YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin tarixi Zəfər və suverenliyin bərpası ilə bağlı fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Prezidentin qurultaydakı çıxışı Azərbaycanın keçdiyi tarixi yol, əldə olunan Zəfərlər və qarşıda duran strateji vəzifələrlə bağlı mühüm mesajları özündə əks etdirir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda keçirilən VIII Qurultay ölkənin yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsi kimi xarakterizə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev ölkənin əldə etdiyi uğurların təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və siyasi kursunun dayandığını qeyd edib. O bildirib ki, bu siyasi xətt Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, ərazi bütövlüyü və suverenliyinin bərpasına mühüm töhfə verib.
Ağalar Vəliyev Azərbaycanın uğurlarının əsasını güclü dövlətçilik, milli birlik və ardıcıl dövlət siyasətinin təşkil etdiyini vurğulayıb. O, Xaçmazın böyük potensiala malik rayon olduğunu qeyd edərək qarşıdakı dövrdə yeni iqtisadi imkanların yaradılması, gənclərin fəallığının artırılması və sosial məsələlərə diqqətin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Müşavirədə çıxış edən Qurultay nümayəndələri Yeganə Musayeva, Sevinc Sədullayeva, Yaşar Abbasov, Könül Əsgərova və digər natiqlər Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində yalnız keçilən şanlı yola nəzər salınmadığını, eyni zamanda Azərbaycanın yeni reallıqlar dövründə qarşısında duran vəzifələrin müəyyənləşdirildiyini bildiriblər.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir - Politoloq