09 oktyabr 2026 00:43
110

Vətən müharibəsinin taleyini həll edən əməliyyat

Hadrutun işğaldan azad edilməsindən 6 il ötür

Hər günü şücaət, fədakarlıq və tarixi zəfərlərlə dolu olan 44 günlük Vətən müharibəsi Azərbaycan hərb salnaməsinə silinməz izlərlə həkk olunub. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən bu şanlı yürüşdə hər gün yeni kəndlərin, strateji yüksəkliklərin və şəhərlərin azad olunması xəbəri ilə yadda qalıb. 27 sentyabr Zəfər yürüşünün başlanğıcı oldu. Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatının ilk günündə Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Nüzgar, Böyük Mərcanlı kəndləri və Murovdağ silsiləsindəki strateji yüksəkliklər işğaldan azad edildi. Daha sonra Suqovuşan, oktyabrın 4-də isə Cəbrayıl şəhəri azadlığına qovuşdu. Cəbrayıl şəhərinin və onun ətrafındakı kəndlərin düşməndən təmizlənməsi ilə cənub cəbhəsində böyük strateji üstünlük əldə olundu. Bu, azad edilən ilk rayon mərkəzi idi. Döyüşlərin 13-cü günündə - oktyabrın 9-da Xocavənd rayonunun strateji baxımdan mühüm mövqeyi sayılan Hadrut qəsəbəsinin azad edilməsi müharibənin gedişatını köklü şəkildə dəyişdi.

Ərgünəş dağının ətəklərində, Qozluçay dərəsindəki sıx meşəliklərlə əhatə olunmuş Hadrut 44 günlük müharibənin taleyini həll edən ən mühüm məntəqələrdən biri idi. Sıldırım qayalıqlara və çətin relyefə malik bu ərazinin azad edilməsi Azərbaycan Ordusu qarşısında duran əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdi. Qəsəbə uğrunda gərgin döyüş əməliyyatlarına oktyabrın 7-də start verildi. Artıq oktyabrın 9-da ordumuz Hadrut ətrafındakı mühüm yüksəklikləri və ətraf kəndləri tam nəzarətə götürməyə müvəffəq oldu. Həmin zəfər günündə Hadrut qəsəbəsi ilə yanaşı, Xocavəndin Sor, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək və Gorazıllı, həmçinin Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndləri də işğaldan azad edildi. Hadrut qəsəbəsinin nəzarətə götürülməsindən sonra ordumuz Şuşa istiqamətində irəliləmək imkanı əldə etdi. Bu baxımdan, Hadrut döyüşləri Şuşanın azad edilməsi əməliyyatının təməl daşı hesab olunur. Çünki düşmən qüvvələri Azərbaycan əsgərinin Şuşaya tamamilə başqa istiqamətdən yaxınlaşacağını gözləyirdi. Hadrutda qazanılan bu parlaq qələbə Şuşaya və böyük Zəfərə gedən yolun əsas dayağına çevrildi.

44 günlük Vətən müharibəsinin bu mühüm səhifəsini - Hadrutun azad olunması müjdəsini xalqımıza Ali Baş Komandan İlham Əliyev şəxsən bəyan etdi. Qəsəbənin azad edilməsi sadəcə tarixi bir uğur deyil, eyni zamanda hərbi birləşmələrimizin döyüş meydanındakı ruh yüksəkliyini artıraraq əməliyyatların sonrakı gedişində mühüm strateji üstünlük təmin etdi. 2021-ci il martın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsinə səfər edərək burada Azərbaycanın dövlət Bayrağını ucaltdı və xalqa tarixi müraciət ünvanladı. Zəfərdən sonra, 2021-ci ilin iyun ayında azad olunmuş Hadrutda "Dəmir yumruq" abidə kompleksi ucaldıldı. Birliyin, gücün və ədalətin rəmzi olan bu abidənin məhz Hadrutda qoyulması qəsəbənin müharibənin taleyində oynadığı müstəsna rolu və rəşadətli qələbəmizin strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Ötən müddət ərzində Böyük Qayıdış Proqramı çərçivəsində Hadrutda genişmiqyaslı bərpa, yenidənqurma və müasir infrastrukturun qurulması işləri həyata keçirilib. Qəsəbənin strateji mövqeyi və tarixi siması nəzərə alınıb.  Aparılan əsas işlərə misal olaraq yol və nəqliyyat infrastrukturunu göstərmək olar. Zəfər yolunun tərkib hissəsi olan 4 zolaqlı, müasir standartlara cavab verən Şükürbəyli-Cəbrayıl–Hadrut avtomobil yolu istifadəyə verilib. Həmçinin Hadrut-Tuğ-Azıx yolunu qeyd edə bilərik. Qəsəbəni regionun tarixi və turistik məntəqələri ilə birləşdirən yol infastrukturu tamamilə yenidən qurulub. Daxili küçələr genişləndirilib, asfaltlanıb və Hadrutun özünəməxsus dağlıq-tarixi memarlığına uyğun olaraq daş örtüklər bərpa edilib. Qəsəbədə enerji, su və kommunal təminat bərpa edilib. Müasir rəqəmsal avadanlıqlarla təchiz edilmiş 35/10 kV-luq "Hadrut" Yarımstansiyası istifadəyə verilərək bölgənin kəsintisiz və dayanıqlı elektrik enerjisi təminatı reallaşdırılıb. Qozluçay və ətraf su mənbələri hesabına qəsəbənin su anbarları, kanalizasiya xətləri və təmizləyici qurğuları sıfırdan inşa olunub. Ərazidə mobil operatorların 4G/5G bazaları quraşdırılıb, optik internet xətləri çəkilib. Qəsəbədəki 540-dan çox yaşayış evinin inventarizasiyası aparılıb, bərpa olunası evlər əsaslı təmir edilib, təməli qoyulmuş yeni yaşayış binalarının inşası aparılıb. Eləcə də 4.2 hektar sahədə Hadrutun İnzibati Mərkəzi salınıb. Bura dövlət qurumlarının binaları, bələdiyyə, xidmət obyektləri və ictimai sahələr daxildir.

Azərbaycan Respublikasının 2030-cu ilədək Milli Prioritetlərinə daxil olan "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Hadrut qəsəbəsi və ətraf kəndlərin bərpası, sakinlərin öz doğma ocaqlarına təhlükəsiz və rahat qayıdışının təmin edilməsi istiqamətində hərtərəfli tədbirlər həyata keçirilir. Hazırda Hadrut qəsəbəsi və ona inzibati olaraq daxil olan kəndlərdə (Tuğ daxil olmaqla) 400-dən çox ailə - təxminən 1 500-dən artıq sakin daimi yaşayır. Qəsəbədə təmir-bərpa işləri tamamlanan və yeni inşa edilən mənzillər hazır olduqca köç prosesi Böyük Qayıdış Proqramının növbəti mərhələləri ilə ardıcıl şəkildə davam etdirilir.

Sevinc Azadi, “İki sahil”