09 oktyabr 2026 13:05
108

Avropa Komissiyası Rusiya aktivlərindən istifadə üçün xüsusi strukturun yaradılmasını nəzərdən keçirir

Avropa Komissiyası Ukraynaya dəstək vermək məqsədilə dondurulmuş Rusiya aktivlərinin yönəldilə biləcəyi xüsusi Avropa strukturunun və ya mexanizminin yaradılması imkanlarını öyrənir.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb.

Brüsseldəki məmur nəşrə bildirib ki, bu ideya "problemli aktivlər bankı"nın yaradılmasını xatırladır. Söhbət aktivlərin və onlarla bağlı risklərin Belçikanın "Euroclear" depozitarindən ayrılmasından, həmçinin problemin Belçikadan kənara köçürülməsindən gedir.

Qəzetin mənbəyi izah edib: "Bu vəsaitlər həmin yeni Aİ strukturunun nəzarəti altına düşdükdən sonra Ukrayna üçün maliyyələşdirmə əməliyyatına dəstək qismində istifadə oluna bilər və Rusiyanın iddia qaldırmaq riski [birliyin] üzv dövlətləri arasında bölünərdi".

Nəşrin versiyasına görə, Ukrayna Aİ-ni xəbərdar edib ki, 2027-ci ildə əlavə 30 milyard avroya ehtiyacı olacaq. Kiyevə pensiya və əməkhaqlarının ödənilməsi, həmçinin silah alınması üçün daha çox vəsait lazımdır. Qəzetin yazdığına görə, Aİ ölkələri arasında dondurulmuş Rusiya aktivlərindən istifadə mexanizmi ilə bağlı razılıq yoxdur.