Azərbaycanın təşəbbüsü ilə keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun əsas nəticələrindən biri olan Bakı Fəaliyyətə Çağırışı qlobal mənzil böhranına qarşı təcili, əlaqələndirilmiş və qətiyyətli tədbirlərin görülməsini, eləcə də Yeni Şəhər Gündəliyinin 2036-cı ilədək icrasının sürətləndirilməsini nəzərdə tutur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) gücləndirilməsi məsələlərinə həsr olunmuş müzakirələrdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə birgə təşkil etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal mənzil böhranını beynəlxalq şəhərsalma siyasəti üzrə dialoqun mərkəzinə gətirib. Bildirilib ki, forumda 176 ölkədən nümayəndələr iştirak edib, ilk dəfə nazirlər görüşü və liderlər sammiti keçirilib.
Elvin Əşrəfzadə vurğulayıb ki, BMT Baş katibinin hesabatında da Bakı Fəaliyyətə Çağırışının əhəmiyyəti xüsusi qeyd olunub.
Azərbaycan nümayəndəsi ölkənin hamı üçün adekvat mənzil təminatı üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupuna həmsədrlik etdiyini də diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan əlçatan, münasib qiymətli və dayanıqlı mənzil təminatını inklüziv şəhər inkişafının əsas şərtlərindən biri hesab edir.
Çıxışda diplomat Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin müasir, dayanıqlı və insan mərkəzli şəhər inkişafına verilən önəmi əks etdirdiyini bildirib.
Elvin Əşrəfzadə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramına da toxunaraq, Azərbaycanın bu ərazilərdə inteqrasiya olunmuş şəhərsalma planlaşdırılması və dayanıqlı yaşayış məntəqələrinin yaradılması istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
“Bizim təcrübəmiz şəhərsalma planlaşdırılmasının infrastruktur, dayanıqlılıq, mənzil təminatı və icmaların ehtiyacları ilə əlaqələndirilməsinin vacibliyini bir daha təsdiqləyir. İnanırıq ki, bu təcrübələrin Ümumdünya Şəhərsalma Forumu kimi platformalar vasitəsilə paylaşılması qlobal öhdəliklərin praktik həllərə çevrilməsinə kömək edə bilər”, – deyə diplomat qeyd edib.
Azərbaycan nümayəndəsi, həmçinin BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsinə dair siyasi bəyannaməni qəbul etməsini alqışlayıb. O, beynəlxalq öhdəliklərin milli və yerli səviyyədə konkret nəticələrə çevrilməsinin, eləcə də UN-Habitat-ın fəaliyyət imkanlarının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.