Rusiyalı sərbəst dalğıc Aleksey Molçanov monolastla sabit çəki kateqoriyasında yeni dünya rekordu müəyyənləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Sərbəst Dalğıc Federasiyası "Instagram" səhifəsində məlumat yayıb.
Kiprdə keçirilən AIDA dünya çempionatında Molçanov bir nəfəsə 137 metr dərinliyə enərək yenidən suyun səthinə qalxıb. Dalğıcın su altında qalma müddəti 5 dəqiqə 2 saniyə olub.
Beləliklə, idmançı ümumilikdə 274 metr şaquli məsafə qət edib: 137 metr dərinliyə enib və eyni məsafəni geri qalxıb. Yeni nəticə Molçanovun 2023-cü ildən bəri qüvvədə olan əvvəlki dünya rekordunu bir metr üstələyib.
Sabit çəki kateqoriyasında dalğıc əlavə ağırlıqdan istifadə etmədən və dalış zamanı çəkisini dəyişmədən müəyyən edilmiş dərinliyə enir, sonra isə suyun səthinə qayıdır. Bunun üçün monolastdan və ya ayrı-ayrı üzgəclərdən istifadə etmək mümkündür. Molçanov rekordunu hər iki ayaq üçün nəzərdə tutulmuş vahid monolastla müəyyənləşdirib.
Dünya çempionatında Molçanov digər növlərdə də uğur qazanıb. O, ayrı-ayrı üzgəclərlə 126 metr dərinliyə dalışda qızıl medal əldə edib. Üzgəcsiz 93 metr dərinliyə dalışda və kəndir boyunca sərbəst enişdə 128 metr nəticə ilə gümüş medala layiq görülüb.