10 oktyabr 2026 02:02
97

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Komissiyası, Ukrayna və NATO nümayəndələri Mayamidə qış mövsümü ərəfəsində Rusiya-Ukrayna müharibəsində gərginliyinin azaldılması və başa çatdırılması yollarını müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff açıqlama yayıb.

Onun sözlərinə görə, görüşdə Ukraynada davamlı və uzunmüddətli sülhün təmin olunması istiqamətində konstruktiv müzakirələr aparılıb.

Danışıqlar zamanı qış mövsümünə hazırlıq, enerji sisteminin dayanıqlılığının gücləndirilməsi, taxıl ixracı, təhlükəsizlik zəmanətləri, eləcə də gələcək münaqişələrin qarşısının alınması məqsədilə Ukrayna və Avropanın uzunmüddətli təhlükəsizlik mexanizmləri nəzərdən keçirilib.

Tərəflər, həmçinin Ukraynanın müharibədən sonrakı bərpası, iqtisadi inkişafı və Avropa İttifaqına üzvlük perspektivlərini müzakirə ediblər.

“Görüş məhsuldar keçib və ABŞ-nin Rusiya ilə növbəti təmasları ərəfəsində əlavə müzakirə tələb edən istiqamətləri müəyyənləşdirməyə imkan yaradıb”, – deyə Uitkoff bildirib.

Onun sözlərinə görə, iştirakçılar təhlükəsizliyin möhkəmləndirilməsinə, uzunmüddətli sabitliyin və iqtisadi rifahın təmin olunmasına xidmət edən davamlı sülhə nail olmaq üçün diplomatik səyləri davam etdirmək barədə ortaq mövqelərini bir daha təsdiqləyiblər.