11 oktyabr 2026 02:14
100

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

ABŞ Kanada istehsalı olan xokkey çubuqlarına, qoruyucu maskalara və digər məhsullara ehtiyac duymur.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ Kanada ilə ticarətdə ildə 90 milyard dollar itirir: “Mən Kanadanın dövlət himnini bəyənirəm, amma onu dinləməyim vacib deyil. Bizə xokkey çubuqları, qoruyucu maskalar və onların satdığı bütün bu məhsullar lazım deyil. Görək, bütün bunların sonu necə olacaq”.

ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir avqust ayında Ottavanın Vaşinqtonun sərfəli hesab etdiyi ikitərəfli ticarət sazişindən imtina etdiyini açıqlayıb. Bununla əlaqədar olaraq, avqustun 22-də Kanadadan idxal olunan müəyyən kateqoriyalı məhsullara 50 faizlik ABŞ gömrük rüsumları ilə bağlı qərar qüvvəyə minib.

Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarının dayandırılması barədə qərar qəbul etdiyini təsdiqləyib və Ottavanın Vaşinqtona qarşı cavab addımları atacağını bildirib. O, həmçinin iki ölkə arasında “ticarət müharibəsi”nin başladığını vurğulayaraq, buna Vaşinqtonun səbəb olduğunu qeyd edib.

Daha sonra Tramp 2027-ci il yanvarın 1-dən Kanadada istehsal olunan avtomobillərə, ehtiyat hissələrinə və polada 50 faizlik gömrük rüsumlarının tətbiqinin planlaşdırıldığını açıqlayıb.

Sentyabrın 8-dən isə Ottavanın ABŞ məhsullarına qarşı cavab rüsumları tətbiq edilməyə başlanıb.