11 oktyabr 2026 15:08
131

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda sərnişin avtobusu ilə evakuatorun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil”in "TRT Haber"ə istinadən verdiyi məlumata görə , hadisə Gebze-Orhangazi-İzmir avtomobil yolunun Akhisar keçid məntəqəsində, şosse girişinin yaxınlığında qeydə alınıb. Bursadan İzmir istiqamətində hərəkət edən tur avtobusu evakuatorla toqquşub. Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə, xilasetmə və polis briqadaları cəlb edilib. Axtarış-xilasetmə tədbirləri operativ şəkildə həyata keçirilib.

Manisa Valiliyindən verilən rəsmi bəyanatda bildirilib ki, qəza nəticəsində 11 nəfər həyatını itirib, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal ərazidəki xəstəxanalara təxliyə olunub və nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.