11 oktyabr 2026 23:40
117

Rumıniyada Dunayın dayazlaşması AES-in soyudulması ilə bağlı təhlükə yaradıb

Rumıniya hakimiyyəti Dunay çayının səviyyəsini yüksəltmək məqsədilə bir neçə su anbarından su buraxılışının artırılması barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Antena 3" telekanalı məlumat yayıb.

Bildirilib ki, çayda suyun səviyyəsinin azalması Çernavoda şəhərindəki atom elektrik stansiyasının soyutma sistemində problemlər yarada bilər.

Belə ki, şənbə günü Dunayda suyun səviyyəsi şərti sıfır göstəricisindən 259 santimetr aşağı olub. Bu, atom elektrik stansiyasının soyudulması üçün suyun götürülməsini çətinləşdirə biləcək kritik həddən cəmi 3 santimetr yüksəkdir.

Çayın səviyyəsini artırmaq üçün ölkənin cənubunda yerləşən İzbiçen, Mixayleşti və Yezerul su anbarlarından istifadə olunacaq. Məlumata görə, oktyabrın 10-dan 18-dək Yezerul su anbarından su buraxılışı saniyədə 20 kubmetr artırılacaq.

Qeyd olunur ki, tədbirlər müvəqqəti xarakter daşıyır. Rumıniyanın Milli Su Ehtiyatları Administrasiyası (ANAR) su anbarlarının vəziyyətinə nəzarət edəcək.