13 oktyabr 2026 16:01
109

ABŞ Ukraynaya güzəşt təklif etməyib

ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Ukrayna tərəfinə Rusiya neft emalı zavodlarına hücumların dayandırılması müqabilində Vaşinqtonun heç bir güzəşt təklif etmək niyyətində olmadığını bildiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti mənbələrinə istinadla xəbər yayıb.

Qəzetin yazdığına görə, Uitkoff və Kuşner cümə günü Mayamidə Avropa və Ukrayna nümayəndə heyətləri ilə keçirilən danışıqlar zamanı ABŞ Prezidenti Donald Trampın Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması tələbini çatdırıblar.

Ukrayna nümayəndələrindən biri Kiyevə hansı güzəştlərin təklif ediləcəyini soruşduqda, ABŞ nümayəndələri Vaşinqtonun Ukrayna üçün onsuz da çox iş gördüyünü bildiriblər. Buna görə də, onların sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələdə kompromisə ümid etməməlidir.

NYT-nin mənbələri qeyd ediblər ki, Kuşner və Uitkoffun bu fikirləri görüş iştirakçıları tərəfindən üstüörtülü təhdid kimi qəbul edilib. Danışıqlar zamanı ABŞ nümayəndələri Vaşinqtonun hazırda Ukrayna Silahlı Qüvvələri üçün həyati əhəmiyyət daşıyan kəşfiyyat məlumatlarını Kiyevə təqdim etdiyini də vurğulayıblar.