Albaniya danışıqların və islahatların hazırkı tempi qorusa, üzv dövlətlər genişlənməni dəstəkləməyə davam etsə, ölkə 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) qoşula bilər.
“İki sahil” xəbər verir ki, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bunu Lüksemburqda Albaniyanın üzvlüyü üzrə konfransın yekunlarına əsasən keçirilən mətbuat konfransında bildirib.
"Üzv dövlətlərdə dinamika bugünkü kimi müsbət qalsa, 2030-cu ilə qədər üzvlük tamamilə mümkündür", - o deyib.
Oktyabrın 13-də keçirilən Aİ-Albaniya konfransında tərəflər sənaye siyasəti və sahibkarlıq üzrə üzvlük danışıqlarının 20-ci fəslini əvvəlcədən bağlayıblar. Bu, Albaniyanın son aylarda bağladığı dördüncü klasterdir. İyul ayında üçü bağlanıb.
Kos qeyd edib ki, Albaniya bu il Avropaya inteqrasiyada ən əhəmiyyətli irəliləyiş nümayiş etdirən ölkələrdən biridir və 2027-ci ilin sonuna qədər bütün danışıqlar fəsillərini bağlamaq iddialı bir məqsəd qoyur. Avropa Komissiyası bu məqsədi dəstəkləyir.
"Bu məqsədə çatmaq üçün Albaniya, xüsusən fundamental sahələrdə nəticə göstərməyə davam etməlidir", - o deyib.
Albaniyanın Baş naziri Edi Rama bildirib ki, Tirana İrlandiyanın Aİ Şurasına sədrliyinin dəstəyi ilə qapalı klasterlərin sayını ən azı ikiqat artırmağı gözləyir. Bununla belə, o, irəliləyişin yalnız tamamlanmış danışıqlar mərhələlərinin sayı ilə ölçülə bilməyəcəyini etiraf edib.
"İrəliləyiş əsasən aparılan islahatlar, institutların gücləndirilməsi və əldə edilən konkret nəticələrlə ölçülür", - Rama deyib.
O, həmçinin ölkədə korrupsiya və şəffaflıqla bağlı narahatlıqları rədd edərək bildirib ki, Albaniya korrupsiyanın hakim olduğu bir sistemdən onunla mübarizə aparan bir sistemə keçir.
Aİ Şurasının sədrliyinin nümayəndəsi kimi fəaliyyət göstərən İrlandiyanın Avropa işləri üzrə naziri Tomas Birn dekabrın sonunda İrlandiyanın sədrliyinin bitməsinə qədər əlavə danışıqlar fəsillərinin bağlanacağını gözlədiyini bildirib.
Albaniya 2022-ci ildə Aİ-yə qoşulmaq üçün danışıqlara başlayıb. Qoşulmaq üçün namizəd ölkə bütün danışıqlar prosesini başa çatdırmalı və sonrakı mərhələlər üçün Aİ üzv dövlətlərinin razılığını almalıdır.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb