16 oktyabr 2026 16:11
138

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi

Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, təhlükəsizlik çağırışlarının artdığı və yeni əməkdaşlıq imkanlarının yarandığı bir dövrdə dövlətlərin müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və beynəlxalq tərəfdaşlığın inkişafına töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məhz bu prinsiplərə əsaslanan siyasəti nəticəsində regional və qlobal proseslərin fəal iştirakçısına, beynəlxalq miqyasda nüfuzlu tərəfdaşa çevrilmişdir.

Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyini, keçdiyi tarixi yolu, qazandığı Zəfərin siyasi əhəmiyyətini və Avrasiya məkanında artan rolunu əks etdirən mühüm siyasi bəyanat olmuşdur.

Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyini Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində strateji üstünlüyə çevirmişdir. Bu gün ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayaraq Avrasiyanın əsas birləşdirici mərkəzlərindən biri kimi mövqeyini gücləndirir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq layihələr regional inteqrasiyaya, iqtisadi əməkdaşlığa və qarşılıqlı faydalı tərəfdaşlığa geniş imkanlar yaradır.

Dövlətimizin başçısının çıxışında xüsusi vurğuladığı məsələlərdən biri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ədalətsizliklər və ikili standartlar olmuşdur. Otuz ilə yaxın müddətdə ərazilərimizin işğal altında saxlanılması, bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərimizin dağıdılması beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Buna baxmayaraq, beynəlxalq təsisatların fəaliyyəti real nəticə verməmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşımış, münaqişənin həllindən daha çox mövcud vəziyyətin qorunub saxlanılmasına xidmət etmişdir.

2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra da bu ölkənin Azərbaycana qarşı siyasətində əsaslı dönüş baş verməmiş, yeni rəhbərlik sələflərinin işğalçılıq siyasətini davam etdirmişdir. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşmalar ikili standartların bariz təzahürü olmuşdur. Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri kimi xarakterizə etdiyi bu qurumlara yönəltdiyi tənqidlər beynəlxalq hüququn siyasi maraqlara tabe etdirilməsinin qəbuledilməzliyini bir daha ortaya qoymuşdur.

Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, diplomatik səylərin nəticəsiz qalması tarixi ədalətin bərpasını zəruri etmişdir. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər işğala son qoymuş, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa olunmuş, separatizmə son qoyulmuşdur. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan əsgərinin “Dəmir yumruğu” yenidən öz sözünü demişdir.

Prezident İlham Əliyevin “Bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər” fikri dövlətimizin suverenliyinə qarşı yönəlmiş fəaliyyətlərin iflasa uğradığını ifadə edən qətiyyətli siyasi mesajdır. Bununla yanaşı, dövlətimizin başçısının “Müharibə bizim seçimimiz olmayıb” bəyanatı Azərbaycanın hər zaman sülhə üstünlük verdiyini təsdiqləyir. Ölkəmiz işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini öz gücü hesabına təmin etmiş, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmışdır. Bu gün Azərbaycan həmin reallıqlar əsasında regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir.

Bakı Zirvə Görüşü Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində artan nüfuzunu da nümayiş etdirmişdir. AQEM kimi mühüm beynəlxalq platformanın Zirvə Görüşünün ölkəmizdə keçirilməsi Bakının qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi mövqeyinin möhkəmləndiyini göstərir. Azərbaycan təşkilata ikiillik sədrliyi müddətində onun institusional inkişafına, üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir.

Bu təşəbbüslər Azərbaycanın beynəlxalq təşkilatlarda yalnız fəal iştirakçı deyil, həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirən təşəbbüskar dövlət olduğunu təsdiqləyir. Asiyanın qlobal iqtisadiyyatda artan rolu fonunda ölkəmizin strateji coğrafi mövqeyi, inkişaf edən nəqliyyat-logistika infrastrukturu və enerji layihələri Avrasiya məkanında inteqrasiyanın dərinləşməsinə mühüm töhfələr verir.

Prezident İlham Əliyevin çıxışının əsas siyasi mesajlarından biri də beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə bərabər tətbiq edilməsinin vacibliyidir. Azərbaycanın tarixi təcrübəsi göstərir ki, ikili standartlar və beynəlxalq qərarların icrasız qalması ədalətsizliyi dərinləşdirir, qlobal təhlükəsizliyə etimadı zəiflədir. Ölkəmizin keçdiyi yol isə sübut edir ki, güclü siyasi iradə, xalq-iqtidar birliyi və milli maraqlara əsaslanan müstəqil siyasət tarixi ədalətin bərpasında həlledici rol oynayır.

Beləliklə, AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi qüdrətinin və strateji əhəmiyyətinin növbəti nümayişi olmuşdur. Prezident İlham Əliyevin çıxışı ölkəmizin həm milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət, həm də sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verən etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləmişdir. Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə Avrasiyanın strateji birləşdirici mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir, beynəlxalq münasibətlər sistemində söz sahibi olan qüdrətli dövlət kimi yeni uğurlara doğru inamla irəliləyir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri