16 oktyabr 2026 16:23
107

Azərbaycanın da ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatının rəsmi brendi təqdim olunub

FIFA 2027-ci ildə 20 yaşadək kişi futbolçular arasında keçiriləcək dünya çempionatının rəsmi brendini təqdim edib.

“İki sahil” xəbər verir ki,  AFFA-dan bildirilib ki, brend Azərbaycan və Özbəkistanda keçiriləcək turnirdə yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir. “Bu oyun sənlikdir” rəsmi şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb.

Bu şüar FIFA U-20 dünya çempionatının ruhunu əks etdirir və böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq, futbolun gələcəyinin formalaşmasına töhfə vermək imkanlarını önə çıxarır.

Turnirin Azərbaycan və Özbəkistanın mədəni irsindən bəhrələnən vizual konsepsiyası yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər gənc nəslin zövqünə uyğun müasir naxışlar, rənglər və rəng keçidləri ilə yenidən təqdim olunur.

Rəsmi emblemdə gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını göstərən, özünəməxsus dizayna malik, “SƏN” mənasını verən “U” hərfi yer alır. Bu dizayn futbolçuların və azarkeşlərin turnirin mərkəzində olduqlarını vurğulayır. Emblemdəki “U20” elementlərinin forması isə çempionatın rəsmi vizual üslubunun bütün materiallarında istifadə olunan dinamik naxışı əks etdirir.

Dinamik rəng keçidləri ilə zənginləşdirilmiş firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdəki parlaq palitra vizual konsepsiyanı tamamlayır və turnirə ev sahibliyi edəcək iki ölkəni vahid brend ətrafında birləşdirir.

FIFA-nın baş katibi Mattias Qrafström bildirib ki dünya çempionatında öz ölkələrini təmsil etmək bu gənc futbolçular üçün karyeraları boyu qürurla xatırlayacaqları mühüm nailiyyətdir: “Bu, eyni zamanda müxtəlif oyun üslubları ilə tanış olmaq, yeni mühitə uyğunlaşmaq və öz nəslinin ən yaxşı futbolçuları ilə rəqabətdə özünü sınamaq şansıdır. “Bu oyun sənlikdir” şüarı məhz onlara ünvanlanıb: bura onların futbolda öz izlərini qoymaq fürsəti qazandıqları səhnədir. Səmərəli əməkdaşlığa görə minnətdar olduğum ev sahiblərimiz Azərbaycan və Özbəkistanla birlikdə gənc futbolçulara FIFA U-20 dünya çempionatı 2027-də bütün bacarıqlarını nümayiş etdirmələri üçün lazımi dəstəyi göstərmək və final fitindən uzun müddət sonra da xatırlayacaqları unudulmaz təcrübə qazandırmaq istəyirik”.

Bu gün turnirin rəsmi brendinin təqdimatı münasibətilə ev sahibi iki ölkənin paytaxtlarında tədbirlər keçiriləcək. Mundiala hazırlıq işlərinin sürətləndiyi bir vaxtda Bakı və Daşkəndin tanınmış məkanlarında rəsmi emblem nümayiş etdiriləcək.

AFFA-nın prezidenti Rövşən Nəcəfin sözlərinə görə, U-20 dünya çempionatı müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək, dəyərli beynəlxalq təcrübə qazanmaq və karyeralarında irəliyə doğru mühüm addım atmaq üçün geniş imkanlar yaradır: “İnanırıq ki, turnir yüksək səviyyəli idman yarışı olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının daha da artmasına xidmət edən mühüm platforma olacaq”.

Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov isə vurğulayıb ki, dünya çempionatı gənc futbolçulara öz istedadlarını beynəlxalq arenada nümayiş etdirmək, dəyərli təcrübə qazanmaq və peşəkar karyeralarında növbəti addımı atmaq üçün böyük imkanlar yaradır. İnanırıq ki, Özbəkistan və qardaş Azərbaycan xalqının ev sahibliyi edəcəyi mundial ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və dünyanın hər yerində futbol azarkeşlərinin rəğbətini qazanacaq”.

FIFA U-20 dünya çempionatı yarışın sayca 25-ci turniri olacaq və 1977-ci ildə Tunisdə keçirilmiş ilk turnirin 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Holand bu nüfuzlu yarışda çıxış etmiş məşhur futbolçular sırasındadırlar.